YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Xaricdə Azərbaycan haqqında həqiqəti əks etdirən məlumatlar yaymaq lazımdır

AZƏRTAC-a müsahibəsində “Azərbaycan-New York” Assosiasiyasının üzvü Əli Nəsibov diaspor təşkilatlarının vəzifələri ilə bağlı fikirlərini bölüşüb. O, həmçinin təmsil etdiyi qurumun Azərbaycan xalqının mədəni irsini ABŞ-da təbliğ etməklə əlaqədar fəaliyyəti barədə danışıb.

Ə.Nəsibov deyib: “İlk növbədə, azərbaycanlı uşaqların ana dilində təhsil alması, eləcə də milli mədəniyyət, adət-ənənələr, Azərbaycanın tarixi və coğrafiyası barədə məlumatları əldə etməsi üçün imkan yaradılması zəruridir. Bu məqsədlə şənbə və bazar günləri fəaliyyət göstərən xüsusi məktəb açmışıq”.

Ə.Nəsibovun fikrincə, ABŞ-da güclü erməni lobbisinin mövcudluğunu nəzərə alaraq, ölkəmiz haqqında həqiqəti əks etdirən məlumatların yayılması üçün tədbirlər həyata keçirmək lazımdır. Həmin məqsədlə Nyu-Yorkda ingilis dilində qəzet nəşr olunub. Bu qəzetdə Xocalı soyqırımı, Dağlıq Qarabağ münaqişəsi mövzuları işıqlandırılıb, eləcə də qondarma “erməni soyqırımı” ifşa edilib.

Diaspor üzvünün sözlərinə görə, Nyu-York ictimaiyyətini Azərbaycan mədəniyyəti və ənənələri ilə tanış etmək üçün “Azərbaycan-Nyu-York” Assosiasiyasının təşəbbüsü ilə milli rəqs ansamblı yaradılıb. Ansamblın fəaliyyəti BMT-nin müvafiq strukturları tərəfindən təqdir edilib. Kollektiv dəfələrlə uyğun tematik tədbirlərə dəvət alıb.

Ə.Nəsibov bildirib ki, Assosiasiyanın təşəbbüsü ilə 2011-ci ildə ilk dəfə Nyu-York və Vaşinqtonda Azərbaycan Dövlət Musiqi Komediya Teatrının qastrolları keçirilib.