YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Prezident İlham Əliyev: Sarkisyan “Ginnesin rekordlar kitabı”na düşə bilər

İyunun 3-4-də Bakıda Dünya Azərbaycanlılarının IV Qurultayı keçirilib.

İki gün davam edən tədbirin açılışında Azərbaycan Prezidenti İlham Əliyev çıxış edib.

Qurultayda 49 ölkədən 500-dən çox diaspor nümayəndəsi və qonaq iştirak edib. Qonaqların içərisində xarici ölkələrin Azərbaycana dost münasibətilə tanınan nüfuzlu siyasətçiləri, ictimai xadimləri, elm adamları və bir neçə ölkənin yüksək vəzifəli şəxsləri, parlament üzvləri də olub. Xaricdən dəvət edilən qonaqlarla yanaşı, qurultayın işinə Azərbaycanın müxtəlif dövlət və hökumət strukturlarının, qeyri-hökumət təşkilatlarının, elm, təhsil, mədəniyyət və digər yaradıcı qurumların, siyasi partiyaların təmsilçilərindən ibarət 360 nəfərlik nümayəndə heyəti də qatılıb.

Azərbaycan Prezidenti İlham Əliyev nitqində bildirib ki, Ermənistan prezidenti Serj Sarkisyan bu il mayın 31-də Astanada Avrasiya İqtisadi İttifaqının Zirvə görüşündə çıxış edərkən dörd dəfə yalan danışıb.

Prezident İlham Əliyev deyib ki, Sarkisyan aprelin əvvəlində əks-hücumlar zamanı Azərbaycanın 800 hektar işğal olunmuş ərazini geri almasını bəyan edərkən yalan danışıb, çünki Azərbaycan Ordusu 800 hektar deyil, 2000 hektardan çox torpağı işğalçılardan azad edib və çox böyük əraziyə nəzarət edir.

Dövlət başçısı İlham Əliyev vurğulayıb ki, Sarkisyanın “Dağlıq Qarabağ ordusu” vəziyyəti nəzarətə alıb” bəyanatı növbəti yalandır, çünki “Qarabağ ordusu” yoxdur və işğal olunmuş ərazilərdə erməni hərbçiləri xidmət edirlər.

Prezident İlham Əliyev onu da qeyd edib ki, Azərbaycanın Rusiyadan döyüşlərin dayandırılmasını xahiş etməsi barədə Ermənistan prezidentinin bəyanatı da ağ yalandır. Çünki Rusiya rəhbərliyinə müraciət edən Ermənistan rəhbərliyi olub. Azərbaycan Prezidenti, həmçinin deyib ki, Sarkisyan bu yalanların səviyyəsinə görə “Ginnesin rekordlar kitabı”na düşə bilər və bu, belə də olacaq.

Azərbaycan Prezidenti diasporun fəaliyyəti barədə danışarkən deyib ki, bəzi hallarda bizim diaspor təşkilatlarımız bir-biri ilə rəqabət aparırlar. Bu, sağlam rəqabət olmalıdır. Bizim gücümüz birlikdədir.

Dövlətimizin başçısı vurğulayıb ki, xaricdə fəaliyyət göstərən diaspor təşkilatları birləşməli və vahid mövqelərdən çıxış etməlidirlər. Bu halda ictimaiyyətin onlara hörməti artar. Əgər xarici dövlətlərdəki cəmiyyət diaspor təşkilatlarının bir-biri ilə dil tapmadığını görsə, onlara münasibət pis olacaq.

Prezident qeyd edib ki, əsas məsələ birlikdir. Azərbaycanlıların əksəriyyəti vətənpərvərdir, onlar ölkəmizin güclənməsini istəyirlər.

Azərbaycan Prezidenti qeyd edib ki, Diasporla İş üzrə Dövlət Komitəsi və xaricdəki səfirlər diaspor təşkilatları ilə daim əlaqə saxlamalıdırlar. O, həmçinin deyib edib ki, xaricdəki azərbaycanlıların böyük biznes imkanları var.

Azərbaycan Prezidenti bildirib: “Son 20 ildə Azərbaycana 200 milyard dollar sərmayə qoyulub, biznes mühiti günbəgün yaxşılaşır, bürokratik əngəllər aradan qaldırılır”.

Prezident İlham Əliyev qeyd edib ki, Azərbaycanda şəffaflıq təmin edilir. O, xaricdəki azərbaycanlı biznesmenləri ölkəmizə sərmayə qoymağa çağırıb. Dövlət başçısı deyib: “Avropada vəziyyət gərginləşir. Yeni qarşıdurma, münaqişə ocaqları yaranır, sabitlik pozulur. Sabitlik olmayan yerdə investisiya da olmayacaqdır. Azərbaycanda sabitlik var. Bu sabitliyin təminatçısı, qarantı Azərbaycan xalqıdır”.

“Biz çox istəyirik ki, xaricdə yaşayan hər bir azərbaycanlı heç olmasa, ildə bir dəfə Azərbaycana gəlsin”, - deyən Prezident İlham Əliyev qeyd edib ki, Azərbaycanda turizm və istirahət üçün geniş imkanlar yaradılıb. Bu, ölkə iqtisadiyyatı üçün də faydalı olacaq. Biz turizm sektorunu sürətlə inkişaf etdiririk. Bu sektoru daha da sürətlə inkişaf etdirmək üçün vizalarla bağlı çox ciddi islahatlar aparılır və görürük ki, hazırda Azərbaycana gələn turistlərin sayı getdikcə artır. Əlbəttə ki, biz onların arasında dünya azərbaycanlılarını da görmək istəyirik. Əgər xaricdə yaşayan hər bir azərbaycanlı ailəsi, hesab edirəm ki, ildə ən azı bir dəfə Azərbaycana gəlsə, bu, çox yaxşı olar.

Prezident İlham Əliyev Azərbaycanın xaricdəki səfirliklərinin və konsulluqlarının sayının artmasını qeyd edib. Dövlətimizin başçısı vurğulayıb ki, bizim zəif yerlərimizdən biri xarici ölkələrin dövlət, hökumət və qanunvericilik orqanlarında təmsilçiliyimizin aşağı səviyyədə olmasıdır.