YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Rusiya Federal Sığorta Xidməti ilə birgə videokonfrans təşkil edilib

Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Rusiya Federasiyasının Federal Sığorta Xidməti (FSX) ilə birgə videokonfrans keçirilib. Tədbirdə məqsəd  Xidmətin müraciətinə əsasən, həmin qurumun rəsmilərinə Azərbaycanın sosial sığorta sistemi və əmək müqavilələrinin elektron qeydiyyatı sahəsində təcrübəsi barədə məlumatların verilməsi olub.

Konfransda əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İdris İsayev ölkəmizdə sosial-iqtisadi sistemlərin çevik və modern, şəffaf idarəetmə mexanizmləri əsasında qurulmasının Azərbaycan Prezidenti cənab İlham Əliyevin uğurlu islahatlar kursunda mühüm yer  tutduğunu vurğulayıb. Bu istiqamətdə aparılan islahatların sığorta-pensiya və əmək münasibətləri sahələrini də əhatə etdiyini diqqətə çatdıran İ.İsayev bildirib ki, 2006-cı ilin əvvəlindən respublikada elektron texnologiyalar əsasında qurulmuş, beynəlxalq standartlara uyğun müasir sığorta-pensiya sisteminin tətbiqinə başlanılıb. Bununla da ölkədə sosial sığorta, fərdi uçot və pensiya təminatı sahəsində funksiyaların bir-birini tamamladığı vahid mexanizm formalaşıb. Nazir müavini həmçinin ölkəmizdə əmək münasibətlərinin elektron müstəvidə şəffaflaşdırılması üçün həyata keçirilən islahat tədbirindən bəhs edib. O, ölkəmizdə qurulan  əmək müqavilələrinin elektron qeydiyyat sisteminin əmək bazarına çevik və obyektiv, səmərəli dövlət nəzarətini təmin etməyə imkan verdiyini, əmək və sosial müdafiə sahələrində aparılan islahatların beynəlxalq səviyyədə də yüksək dəyərləndirildiyini vurğulayıb.

Rusiya Federasiyasının Federal Sığorta Xidmətinin sədri Andrey Kiqim ölkəmizdə əmək və sosial müdafiə sisteminin, o cümlədən sosial sığorta sistemində müasir iş mexanizmlərinin qurulması yönündə həyata keçirilən islahatları maraqla izlədiklərini bildirib. O, bu sahələrdə Azərbaycanın təcrübəsinin öyrənilməsinə və təcrübə mübadilələrinə önəm verdiklərini qeyd edib.

Daha sonra Azərbaycanda mövcud sosial sığorta sisteminə dait təqdimat olub, sistemin ayrı-ayrı elementləri, o cümlədən sosial sığorta haqlarının fərdi uçotu, sığortaolunanların onlayn uçota alınması, sosial sığorta vəsaitlərinin onlayn ödənilməsi, sığorta haqlarının uçotunun avtomatlaşdırılmış qəbulu, sığorta edənin uçota alınması, qeydiyyat məlumatlarına avtomatlaşdırılmış nəzarət sistemi, pensiyaların avtomatlaşdırılmış təyinat sistemi və s. haqqında ətraflı məlumatlar verilib. Həmçinin ayrı-ayrı sosial müavinət növləri, onların təyin olunması halları diqqətə çatdırılıb.

Əmək müqavilələrinin elektron qeydiyyat sistemi barədə də təqdimat olub, onun texniki infrastrukturu, proqram təminatları, iş prinsiplərindən bəhs edilib. Təqdimatlar zamanı qeyd olunan sahələrdə əhaliyə göstərilən elektron xidmətlər haqqında da məlumat verilib. Tədbirdə Rusiya Federal Sığorta Xidməti rəsmilərinin sualları da cavablandırılıb, təqdimatlar əsasında fikir mübadilələri aparılıb.