YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Samir Şərifov: Çevik addımlar hesabına xarici iqtisadi faktorlardan qaynaqlanan mənfi fəsadların neytrallaşdırılması təmin edilib

«Dünya xammal bazarında qiymətlərin aşağı düşməsi, iqtisadi artım templərinin azalması qlobal ticarətə də təsirsiz ötüşməyib. Lakin Azərbaycanda dövlətimizin başçısı tərəfindən atılan çevik addımlar hesabına xarici iqtisadi faktorlardan qaynaqlanan mənfi fəsadların neytrallaşdırılması təmin edilib». Bu fikirləri maliyyə naziri Samir Şərifov Milli Məclisin bu gün keçirilən iclasında çıxışı zamanı deyib.

S.Şərifov qeyd edib ki, 2015-ci ilin dövlət büdcəsinin icrası ilə bağlı öhdəliklərin icrası yerinə yetirilib. Əhalinin yaşayış səviyyəsi və pul gəlirləri, ölkənin beynəlxalq aləmdə reytinqi artıb, Azərbaycanın regionda iqtisadi mövqeyi daha da möhkəmlənib. Bu nailiyyətlər dünya iqtisadiyyatında mövcud olan qeyri-sabitlik şəraitində qazanılıb.

Nazir deyib ki, 2015-ci ildə dövlət büdcəsi gəlirlərinin 8 milyard 130 milyon manatı və ya 46,5 faizi Dövlət Neft Fondundan transfertin, 7 milyard 118,3 milyon manatı və ya 40,7 faizi Vergilər Nazirliyinin xətti ilə daxilolmaların, 1 milyard 591,9 milyon manatı və ya 9,1 faizi Dövlət Gömrük Komitəsinin xətti ilə daxilolmaların, 657,8 milyon manatı və ya 3,7 faizi digər mənbələr üzrə daxilolmaların payına düşür. 2015-ci ildə Vergilər Nazirliyinin xətti ilə dövlət büdcəsinə daxilolmalar nəzərdə tutulduğundan 6,3 milyon manat və ya 0,1 faiz, 2014-cü illə müqayisədə isə 4,6 milyon manat (0,1 faiz) çox icra olunub. Dövlət Gömrük Komitəsinin xətti ilə dövlət büdcəsinə daxilolmalar 1 milyard 590 milyon manat proqnoza qarşı 1 milyard 591,9 milyon manat və ya 100,1 faiz icra olunub ki, bu da 2014-cü illə müqayisədə 81,1 milyon manat (5,4 faiz) çoxdur.

Bildirilib ki, ötən il sosial xərclərin icra edilməsinə üstünlük verilib, lüzumsuz xərclər üzrə qənaət edilib. 2015-ci ildə ölkə iqtisadiyyatının məruz qaldığı xarici qiymət şoklarının qısa və ortamüddətli təsirlərinə cavab olaraq büdcə yığcamlaşdırılması siyasəti davam etdirilib. 2016-cı ilin dövlət büdcəsinə yenidən baxılması nəzərdə tutulmur. 2016-cı ilin fevralında dövlət büdcəsinə düzəlişlər edilib, dövlət və icmal büdcənin gəlirlərinin hesablanması üçün neftin baza qiyməti 25 dollardan götürülüb. Transfertlərin həcmi isə manatla göstərilib. Buna görə də neftin qiymətinin artması və ya azalması Dövlət Neft Fondundan transfertlərə təsir etmir. Hazırda neftin qiyməti dövlət büdcəsində nəzərdə tutulandan yüksək olduğundan Dövlət Neft Fondunun gəlirləri artır.