YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Şimal-Cənub nəqliyyat dəhlizi üzrə işlərin birinci mərhələsi bu ilin sonunadək yekunlaşacaq

İran İslam Respublikasında səfərdə olan Azərbaycanın iqtisadiyyat naziri, Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələr üzrə Dövlət Komissiyasının həmsədri Şahin Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyəti Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin bir hissəsi olan və İran ərazisində tikilən Qəzvin-Rəşt dəmir yolu xətti, eləcə də tikintisi nəzərdə tutulan Rəşt-Astara dəmir yolu xətti layihələri ilə tanış olub.

İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, iqtisadiyyat naziri Şahin Mustafayev və İran İslam Respublikasının rabitə və informasiya texnologiyaları naziri Mahmud Vaezi hazırda tikintisi davam edən Qəzvin-Rəşt dəmir yolu xəttinə və tikintisi nəzərdə tutulan Rəşt-Astara dəmir yolu xəttinin torpaq yatağına baxıb, Şimal-Cənub nəqliyyat dəhlizinə dair müzakirələr aparılıb.

Bildirilib ki, nəqliyyat sahəsində əməkdaşlıq Azərbaycan-İran əlaqələrinin vacib istiqamətlərindəndir. Bu baxımdan Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin inkişaf etdirilməsi ölkələrimiz arasında əlaqələrin genişləndirilməsi, iqtisadi, ticarət və yükdaşımalar sahəsində əməkdaşlığın inkişafı baxımından əhəmiyyətlidir. Aprel ayında dəhlizin önəmli həlqələrindən olan Astara çayı üzərində dəmir yolu körpüsünün təməli qoyulub. Dəmir yolu körpüsünün eni 10 metr, uzunluğu isə 82 metr olacaq. Üç aşırımlı və 4 dayaqlı olmaqla layihələndirilən körpünün üzərində hər 2 istiqamətdə qatarların hərəkətinin təmin olunması məqsədilə iki xətt quraşdırılacaq. Dəmir yolu körpüsünün tikinti xərcləri Azərbaycan və İran tərəfindən bərabər paylarla ödəniləcək.

Ümumiyyətlə, 2016-cı ilin sonunadək Astara çayı üzərində dəmir yolu körpüsünün və Astara stansiyasından sərhədədək 8,3 kilometrlik yolun, İran tərəfində 1,7 kilometrlik xəttin və yükaşırma terminalının tikintisinin yekunlaşdırılması nəzərdə tutulur. Hazırda Şimal-Cənub nəqliyyat dəhlizinin digər hissələrinin tikintisi üzrə də danışıqlar aparılır. Belə ki, artıq Qəzvin-Rəşt dəmir yolu xəttinin tikintisinin böyük hissəsi yekunlaşıb. 164 kilometrlik Rəşt-Astara (İran) dəmir yolunun həyata keçirilməsi üzrə danışıqlar davam etdirilir. Bu məqsədlə Azərbaycan tərəfindən İşçi Qrupu yaradılıb.