YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Əbülfəs Qarayev: BMT Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumun Azərbaycanda keçirilməsi ölkəmizin gücünü, tolerantlığını və yüksək təşkilatçılıq qabiliyyətini bir daha nümayiş etdirdi

Mayın 5-də BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunun yekunlarına həsr olunan mərasim təşkil edilib.

Mərasimdə çıxış edən mədəniyyət və turizm naziri, Forumun Milli Təşkilat Komitəsinin sədri Əbülfəs Qarayev BMT Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunun yüksək səviyyədə keçməsinin həm Təşkilat Komitəsinin, həm digər aidiyyəti təşkilatların, həm də könüllü gənclərin birgə əməyinin nəticəsi olduğunu vurğulayıb. Bildirib ki, Prezident İlham Əliyevin şəxsi təşəbbüsü və xüsusi səyləri nəticəsində Bakı prosesi artıq dünya səviyyəsində mədəniyyətlərarası dialoqda mühüm platforma kimi qəbul olunur. Nazir deyib: “BMT Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumu BMT-nin ən ali toplantılarından biridir. Bu forumun Azərbaycanda yüksək səviyyədə keçirilməsi ölkəmizin gücünü, zəngin mədəniyyətini, tolerantlığını və yüksək təşkilatçılıq qabiliyyətini bir daha nümayiş etdirdi”.

Əbülfəs Qarayev vurğulayıb ki, bu beynəlxalq tədbirin Azərbaycanda keçirilməsi Bakı prosesinin əhəmiyyətini, Dağlıq Qarabağ probleminin həllində Azərbaycanın haqlı mövqeyini, ölkəmizin zəngin mədəniyyəti və təşkilatçılıq bacarığının nümayişi ilə yadda qaldı. Nazir BMT Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunun yüksək səviyyədə keçirilməsində əməyi olan hər kəsə minnətdarlığını bildirib.

Daha sonra çıxış edən Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri, akademik Kamal Abdullayev bildirib ki, forumun ölkəmizin multikulturalizmə, mədəniyyətlərarası dialoqa nə qədər önəm verdiyini bir daha dünyaya nümayiş etdirib. 2016-cı ilin ölkəmizdə “Multikulturalizm ili” elan olunması bizim üçün BMT Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunun əhəmiyyətini daha da artırmış oldu.

Sonra Əbülfəs Qarayev BMT Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunun təşkilində fərqlənmiş şəxslərin təltif edilməsi haqqında Prezident İlham Əliyevin Sərəncam imzaladığını diqqətə çatdırıb və Sərəncama əsasən təltif olunmuş şəxslərə orden və medallar təqdim edilib.

Forumun Təşkilat Komitəsinin bütün üzvlərinə komitənin sədri Əbülfəs Qarayevin və BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsi Nasir Əbdüləziz Əl-Nasirin imzaladığı sertifikatlar təqdim olunub. Həmçinin Forumun işinin təşkilində fəal iştirak etdiklərinə görə Mədəniyyət və Turizm Nazirliyinin bir qrup əməkdaşına və könüllülərə sertifikatlar verilib. Forumun rəsmi media tərəfdaşı olan Azərbaycan Dövlət İnformasiya Agentliyinə (AZƏRTAC) də sertifikat təqdim edilib.