YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Bu gün görkəmli yazıçı, böyük alim Mir Cəlal Paşayevin anadan olmasından 108 il keçir

Bu gün Azərbaycan elminin, ədəbiyyatının, təhsilinin inkişafında misilsiz xidmətlər göstərmiş xeyirxah insan, görkəmli yazıçı, böyük alim Mir Cəlal Paşayevin anadan olmasından 108 il keçir.

Mir Cəlal Əli oğlu Paşayev 1908-ci il aprelin 26-da Cənubi Azərbaycanın Ərdəbil vilayətində dünyaya göz açıb. Kiçik yaşlarında atası Gəncəyə köçdüyündən uşaqlığını burada keçirib.

Yazıçı kimi 1928-ci ildə ədəbiyyata gələn Mir Cəlal Paşayev elə həmin ildə də ilk tədqiqat əsərini yazıb. Sözün gücünə güvənib, onun böyüklüyünə baş əyən sənətkarın könüllərə yanğı salmış "Bir gəncin manifesti" əsəri, zəmanənin güzgüsü olan hekayələri klassik bədii nümunələr kimi ədəbiyyat tariximizin səhifələrində müəllifinə əbədiyaşarlıq qazandırıb. Yuxusuz gecələrinin, gərgin zəhmətinin bəhrəsi olan "Füzuli sənətkarlığı", "XX əsr Azərbaycan ədəbiyyatı", "Azərbaycanda ədəbi məktəblər (1905-1917)", "Ədəbiyyatşünaslığın əsasları" adlı fundamental əsərləri ədəbiyyatşünaslıq elminin qızıl nüsxələrindəndir.

Yazıçının qələminə altı roman məxsusdur. Onların arasında "Bir gəncin manifesti", "Dirilən adam", "Yolumuz harayadır" keçmişdən, "Açıq kitab", "Yaşıdlarım" və "Yeni şəhər" isə müasir həyatdan bəhs edir.

Mir Cəlal Paşayev 1940-cı ildə "Füzulinin poetik xüsusiyyətləri" əsərinə görə filologiya elmləri namizədi, 1947-ci ildə isə "Azərbaycanda ədəbi məktəblər" əsərinə görə filologiya elmləri doktoru alimlik dərəcələrini alıb.

Görkəmli Azərbaycan yazıçısı, alimi, pedaqoqu Mir Cəlal Paşayevin əsərləri bir çox xarici dillərə tərcümə edilib, onun əsərləri müxtəlif ölkələrin oxucularında sonsuz maraq doğurub.