YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Afinada TAP boru kəməri layihəsi üzrə görülən işlər müzakirə edilib

Yunanıstanın paytaxtı Afinada Azərbaycanın təbii qazının Avropaya nəqlini nəzərdə tutan “Trans-Adriatik” (TAP) qaz boru kəməri layihəsi üzrə görülən işlər nəzərdən keçirilib.

Bu məsələ Azərbaycanın Yunanıstandakı səfiri Rəhman Mustafayev və “SOCAR Energy Greece SA” şirkətinin baş direktoru Anar Məmmədovun Yunanıstan Baş nazirinin müavini Yannis Draqasakis ilə keçirdikləri görüşdə müzakirə olunub.

Görüşdə iki ölkə arasındakı əməkdaşlığın genişləndirilməsi və qarşılıqlı maraq doğuran məsələlər ətrafında, həmçinin mayın 26-27-də Afinada keçiriləcək iqtisadi, sənaye və texnologiya sahələrində əməkdaşlıq üzrə Azərbaycan-Yunanıstan hökumətlərarası komissiyasının dördüncü iclasında dair fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, uzunluğu təxminən 878 kilometr olan TAP boru kəməri Türkiyə ilə Yunanıstan sərhədində yerləşən Kipoi məntəqəsində Trans-Anadolu qaz boru kəmərinə (TANAP) birləşəcək. TAP layihəsi Xəzərin Azərbaycan sektorundakı “Şahdəniz-2” yatağından çıxarılan qazın Yunanıstan və Albaniya vasitəsilə, Adriatik dənizindən keçməklə İtaliyanın cənubuna, oradan da Qərbi Avropaya nəqlini nəzərdə tutur. TAP-ın təməli mayın 17-də Yunanıstanın Saloniki şəhərində qoyulacaq. Boru kəmərinin ilkin ötürücülük qabiliyyəti ildə 10 milyard kubmetr olacaq və bu həcmin gələcəkdə 20 milyard kubmetrədək artırılması planlaşdırılır.

TAP-ın səhmdarları belədir: BP (20 faiz), SOCAR (20 faiz), Snam S.p.A. (20 faiz), Fluxys (19 faiz), Enagás (16 faiz) və Axpo (5 faiz).