YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Daşkənddə keçirilən Beynəlxalq Turizm sərgisində Azərbaycan da təmsil olunub

Özbəkistanın Mədəniyyət və İdman İşləri Nazirliyi, BMT-nin Dünya Turizm Təşkilatı, “Özbəkturizm” milli şirkəti və “Böyük İpək Yolu” reklam agentliyi Daşkənddə “İstirahət dünyası-2016” adlı dördüncü beynəlxalq turizm sərgisi keçirib.

Tədbirə dünyanın 27 ölkəsindən gələn 200-dən artıq turizm şirkət, Özbəkistanda fəaliyyət göstərən səfirliklər və mədəniyyət mərkəzləri qatılıb.

Ölkəmizi bu sərgidə Özbəkistandakı səfirliyimizin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi təmsil edib.

Sərginin açılışında bildirilib ki, Özbəkistanda turizmin inkişafı üçün hər cür şərait yaradılıb. Səmərqənd, Buxara, Xivə, Şəhrisabz, Daşkənd və digər qədim şəhərlər milli mədəni ənənələri və möhtəşəm tarixi abidələri ilə zəngindir. Ölkədə 530 turoparator, 430-dan artıq mehmanxana fəaliyyət göstərir.

Sərginin Azərbaycan guşəsində ölkəmizin bayrağı, ulu öndər Heydər Əliyevin həyat və fəaliyyəti, Azərbaycan Prezidenti İlham Əliyevin apardığı iqtisadi islahatlar, ölkəmizin tarixi, iqtisadiyyatı, turizm potensialı, ədəbiyyatı, mədəniyyəti ilə bağlı kitablar, həmçinin milli musiqi alətləri, milli mətbəx nümunələri, suvenirlər nümayiş etdirilib.

Mərkəzin nəzdindəki “Azərbaycan qızları” uşaq rəqs ansamblının üzvləri milli rəqslərimizi təqdim ediblər.