YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

TAP-ın Albaniya hissəsinin inşasında istifadə olunacaq ilk borular bu ölkəyə gətirilib

“Trans-Adriatik” (TAP) qaz boru kəmərinin Albaniya hissəsinin tikintisində istifadə olunacaq ilk borular bu ölkəyə gətirilib.

Bu barədə TAP-ın saytında məlumat verilir.

Bu münasibətlə Durres yaxınlığında keçirilən mərasimdə Albaniyanın Baş naziri Edi Rama, bu ölkənin energetika və sənaye naziri Damian Gjiknuri, yerli hakimiyyət orqanlarının təmsilçiləri, TAP-ın podratçıları, alban şirkətlərinin və digər maraqlı tərəflərin nümayəndələri iştirak ediblər.

Albaniyanın Baş naziri Edi Rama və energetika və sənaye naziri Damian Gjiknuri Avropanın enerji bazarında Albaniyanın oynayacağı rolda ən mühüm enerji layihələrdən biri olan TAP-ın əhəmiyyətini vurğulayıblar, TAP-ın iqtisadi inkişafın təşviqi üçün Albaniya iqtisadiyyatına yeni imkanlar yaradacağını və ölkənin enerji infrastrukturunun inkişafına müsbət təsir edəcəyini qeyd ediblər.

TAP-ın Albaniya üzrə rəhbəri Şölqim Bozqo deyib: “TAP-ın Albaniya hissəsinin tikintisini səbirsizliklə gözləyirik. TAP böyük layihədir və onun uğurlu icrası bütün maraqlı tərəflərin səmərəli əməkdaşlığının nəticəsində mümkün olacaq”.

TAP Albaniya hissəsində təxminən 18 və 12 metr uzunluğunda 13 min boru istifadə olunacaq. Borular Almaniyanın “Salzgitter Mannesmann International GmbH” şirkətinin istehsalıdır.

Qeyd edək ki, uzunluğu təxminən 878 kilometr olan TAP boru kəməri Türkiyə ilə Yunanıstan sərhədində yerləşən Kipoi məntəqəsində Trans-Anadolu qaz boru kəmərinə (TANAP) birləşəcək. TAP layihəsi Xəzərin Azərbaycan sektorundakı “Şahdəniz-2” yatağından çıxarılan qazın Yunanıstan və Albaniya vasitəsilə, Adriatik dənizindən keçməklə İtaliyanın cənubuna, oradan da Qərbi Avropaya nəqlini nəzərdə tutur. Bu layihə Azərbaycan qazının İtaliya, Almaniya, Fransa, Böyük Britaniya, İsveçrə və Avstriya kimi böyük Avropa bazarlarına çatdırılması üçün böyük imkanlar yaradır.

TAP-ın səhmdarları belədir: BP (20 faiz), SOCAR (20 faiz), Snam S.p.A. (20 faiz), Fluxys (19 faiz), Enagás (16 faiz) və Axpo (5 faiz).