YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Almaniyada keçirilən tədbirlərdə Dağlıq Qarabağ münaqişəsinin tezliklə həllinin vacibliyi vurğulanıb

Almaniyanın Laynsvayler şəhərində bu ölkənin ATƏT-ə sədrliyi çərçivəsində ATƏT Parlament Assambleyasının Bundestaqla “ATƏT-in münaqişə dövrünün kəsilməsi istiqamətindəki tədbirlərinə ATƏT Parlament Assambleyası və onun üzvlərinin geniş töhfə vermək imkanları - həlli uzadılmış münaqişələrə xüsusi diqqət” mövzusunda birgə seminarı keçirilib.

On beş ölkənin nümayəndələrinin iştirak etdiyi tədbirdə Azərbaycan Respublikası Milli Məclisinin sədr müavini, ATƏT PA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri Bahar Muradova, deputatlar – rəhbər müavini Tahir Mirkişili və ATƏT PA-nın siyasi məsələlər və təhlükəsizlik komitəsi sədrinin müavini, Büro üzvü Azay Quliyev iştirak ediblər.

ATƏT PA-da Almaniya nümayəndə heyətinin rəhbəri Doris Barnett dəvəti qəbul edib seminarda iştiraklar etdikləri üçün həmkarlarına təşəkkürünü bildirib.

ATƏT PA-nın sədri İlkka Kanerva Nazirlər Şurasını Assambleyanın münaqişələrlə bağlı proseslərə töhfə verə bilməsində inandırdığını vurğulayaraq, Cənubi Qafqazda və Dnestryanı bölgədə baş vermiş münaqişələrin həlli istiqamətində daha çox tərəflərin özlərindən həll prosesinə dair fikirlərin nəzərə alınmasının vacibliyini bildirib.

ATƏT PA sədrinin müavini, Avstriya nümayəndə heyətinin rəhbəri Kristin Muttonenin sədrliyi ilə keçirilmiş “Avropanın Saar-Lor Lüks regionu, xüsusilə Alzas-Lotringen” mövzusundakı birinci sessiyada region barədə ümumi məlumat verilib.

Almaniya Bundestaqının üzvləri Tomas Qebhart və Tomas Hiçler, siyasi icmalçı, Saarləndin sabiq Baş naziri Reinhard Klimmt, eləcə də Reynlənd-Palatinatın yerli parlamentində Sosial-Demokratlar Partiyası qrupunun rəhbəri Aleksander Şveytzer Almaniya ilə Fransa arasında illər boyu münaqişəyə səbəb olan Saar regionunda 1797–1814-cü illərdə baş vermiş hadisələr haqqında məlumat veriblər. Bildirilib ki, almanlar yaşadıqları səfalı bölgə uğrunda əsrlər boyu aparılan mübarizədə təkcə ötən əsrdə əhalinin beş dəfə vətəndaşlığının dəyişdirilməsinə səbəb olub və sonda bu mübarizə Almaniyanın qələbəsi ilə nəticələnib. Fransa ilə Almaniya keçmişdə düşmən olsalar da, hazırda sağlam qonşuluq və geniş əməkdaşlıq əlaqələri qura biliblər.

“Avropanın Tirol regionu – Cənubi Tirol – Trentino” mövzusundakı ikinci sessiyaya sədrlik edən ATƏT PA-nın xəzinədarı D.Barnett parlamentariləri seçildikləri yerlərdə sülhə töhfə vermək imkanlarından geniş şəkildə istifadə etməyə çağırıb. “Ola bilsin ki, ölkələrinizə geri döndükdə burada bölüşəcəyimiz təcrübədən istifadə edə biləcəksiniz”, - deyə D.Barnett bildirib.

Məruzə ilə çıxış edən Lyudviqşafen bələdiyyə arxivləri müdirinin müavini Klaus Beker birinci və ikinci dünya müharibələri zamanı bölgədə baş verən hadisələrdən danışıb. Qeyd edib ki, bu regionun əhalisi hərbi sahəyə, münaqişədən sonrakı dövrün bərpa olunmasına xərclərə yox, qarşılıqlı əməkdaşlıq əlaqələrinə üstünlük verib.

Müzakirələrdə Azərbaycan, Gürcüstan, Ermənistan, Fransa, Avstriya və digər ölkələrin nümayəndələri iştirak ediblər. Onlar Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, Gürcüstan və Moldovadakı münaqişələrin həlli istiqamətində zəruri tədbirlər haqqında fikir mübadiləsi aparıblar.

Azərbaycan nümayəndə heyətinin üzvü Azay Quliyev ölkəmizin işğal olunmuş ərazilərində son günlər baş vermiş, itki və tələfatlarla nəticələnmiş hadisələrdən, Dağlıq Qarabağ və ətrafdakı yeddi rayonun işğalından, çoxlu sayda qaçqınların taleyindən, eləcə də işğal olunmuş ərazilərdə demoqrafik vəziyyətinin süni şəkildə dəyişdirilməsindən danışıb. O, 20 ildən artıq müddətdir davam edən işğala və yurdlarından qovulmuş insanların faciəsinə son qoymaq məqsədilə parlamentariləri verə biləcəkləri töhfə barədə düşünməyə çağırıb.

ATƏT PA sədrinin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Kristian Vigenin də bölgədə gedən hadisələrlə bağlı narahatlığını bildirib, yaxın vaxtlarda münaqişənin həlli yolunun tapılmasının vacibliyini vurğulayıb.

Çıxışında dünya tarixinin bəzi faktlarına nəzər salan Azərbaycan nümayəndə heyətinin üzvü Tahir Mirkişili evini itirmiş ailəsinin də acı qaçqın taleyindən bəhs edib. O, Dağlıq Qarabağdan əlavə daha çox ərazilərimizin işğal altında olduğunu bir daha vurğulayıb, işğalçı qüvvələrin torpaqlarımızdan çıxarılmasını tələb edib. O, yaxın zamanlarda Dağlıq Qarabağın azərbaycanlı və erməni icmalarının birgə yaşayacağına ümid bəslədiyini bildirərək gələcək nəslin nümayəndələrinə düşmənçilik və nifrət deyil, tolerantlıq və birgə yaşayış mədəniyyətini aşılamağı tövsiyə edib.

İsveçrəli deputat Filipo Lombardinin sədrliyi ilə “ATƏT-in münaqişə dövrünə dair tədbirlərində ATƏT PA və onun üzvlərinin potensial töhfələri – xüsusi diqqət həlli uzadılmış münaqişələrə” mövzusunda keçirilmiş üçüncü sessiyada ATƏT-in fəaliyyətdə olan sədrinin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi səfir Günter Bexler çıxış edib. O, Azərbaycanın işğal olunmuş ərazilərində baş verən hadisələrlə bağlı narahatlığını bildirərək Madrid prinsiplərinin tezliklə işə düşəcəyinə ümidvar olduğunu bildirib. “Status-kvo həll deyil. Daha çevik mexanizmlərin hazırlanması və hərəkət lazımdır”, - deyə Günter Bexler qeyd edib.

Azay Quliyev münaqişə ilə bağlı nüfuzlu beynəlxalq təşkilatların qəbul etdikləri sənədlər haqqında məlumat verərək azərbaycanlı qaçqınların Dağlıq Qarabağa qayıtmasını və orada onlara təhlükəsiz yaşamaq üçün şəraitin yaradılmasını tələb edib.

Azərbaycan nümayəndə heyətinin rəhbəri Bahar Muradova uşaqlığının Saar regionuna bənzər, yaşıllıqla dolu gözəl, hazırda isə düşmən tapdağı altında olan bölgədə keçdiyini bildirərək, övladının oraya dönüb babasının dağıdılmış evini bərpa etmək istəyini diqqətə çatdırıb. O deyib: “İşğal olunmuş ərazilərdə çoxlu sayda mülki əhalimizin tələfatı ilə nəticələnən son hadisələr zamanı Ermənistanın hərbi əməliyyatlarına Azərbaycan tərəfinin adekvat və layiqli cavab verməsi səbəbindən bu münaqişə yenidən dünya ictimaiyyətinin diqqətini cəlb edib. Döyüş meydanlarında tapılmış əşya və sənədlər erməni əsgərləri və terrorçu qruplaşmalarının ölkəmizə qarşı hərbi əməliyyatlarda iştirakı faktını təsdiqləyir. Ermənistandan başqa dünyanın bütün ölkələri, o cümlədən Minsk qrupunun həmsədr dövlətləri Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyirlər. Münaqişənin tezliklə həll olunması istiqamətində yeni təkliflər irəli sürülüb və bütün bu pozitiv dinamika Ermənistanı yeni təxribata əl atmağa vadar edib. Bu cinayətlərə görə məsuliyyət Ermənistanın siyasi rəhbərliyinin üzərinə düşür”.

Tədbirdə, həmçinin ATƏT-in münaqişələrin qarşısının alınması üzrə mərkəzinin əməkdaşı Meri-Mariya Yaarva münaqişələrin yaranması və yenidən alovlanmasının qarşısının alınması istiqamətində görülən preventiv tədbirlər haqqında çıxış edib.

Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının baş katibi Asəf Hacıyev bütün münaqişələrin tezliklə və beynəlxalq hüquq çərçivəsində həllinin tapılmasına ümidvar olduğunu bildirib.

Seminar iştirakçıları Almaniya sədrliyinin hansı konkret addımlar atacağı və status-kvonun aradan qaldırılmasının mümkünlüyü, münaqişələrin həlli istiqamətində Rusiyanın rolu haqqında suallar səsləndiriblər.

 

Aprelin 17-də “Azlıqlar, mülki əhali, insan haqları və müharibə dövrü –həlli uzadılmış münaqişələrə xüsusi diqqət” mövzusunda panel müzakirələr keçirilib.

ATƏT PA-nın Moldova üzrə qrupunun rəhbəri Arta Dadenin sədrliyi ilə keçirilən müzakirələrdə qrupun Moldova hökuməti ilə təmasın yaradılması vurğulanıb və gələcək tədbirlər haqqında planlar açıqlanıb.

ATƏT-in milli azlıqlar üzrə baş komissarı Astrid Tors münaqışələr zamanı milli azlıqların problemlərinə toxunub. Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun direktoru ofisinin rəhbəri Jan Piyer Froehli isə bildirib ki, münaqişələr əsasən azlıqlar haqlarını daha da genişləndirmək imkanını hiss edəndə başlayır.

Panel iclasında Moldova, Gürcüstan, İsveç, Rusiya, İsveçrə və digər dövlətlərin nümayəndələri çıxış ediblər.

Qeyd edilib ki, dünyada xeyli sayda milli azlıqlar mövcuddur. Bu da heç də o demək deyil ki, eyni sayda yeni dövlətlər yaranmalıdır. Münaqişələrsiz, heç bir şey dəyişmədən də insanların rifahına töhfə vermək mümkündür.

Azərbaycan nümayəndə heyətinin üzvü Azay Quliyev beynəlxalq prinsiplərə riayət edilməsinin və işğal altında olan bölgələrdən qaçqınlarımıza yurdlarında seçmək və seçilmək hüququnun qaytarılmasının vacibliyini vurğulayıb.

Azərbaycan nümayəndə heyətinin rəhbəri Bahar Muradova çıxış edərək Azərbaycanın dini və etnik mənsubiyyətindən asılı olmayaraq burada yaşayan bütün vətəndaşları üçün gələcək qurduğunu bildirib. O, Azərbaycanda yaşayan, iddialı siyasətçilərin qurbanlarına çevrilmiş etnik erməniləri ölkəmizin ərazisinin demilitarizasiyasına töhfə verməyə çağırıb. Bahar Muradova üzünü işğalçı ölkənin nümayəndələrinə tutaraq, hərbi qüvvələrin ərazimizdən çıxarılmasını tələb edib və başqa dövlətin torpağının onlara heç vaxt vətən olmayacağını deyib. “Azərbaycan torpaqlarını işğaldan azad edin. Biz öz vətəndaşlarımızla – etnik ermənilərlə özümüz dil tapa bilərik”, - deyə nümayəndə heyətinin rəhbəri bildirib.

Almaniya nümayəndə heyətinin rəhbəri D.Barnett bir daha iştirakçıların diqqətini Ermənistan– Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə yönəldib. O, problemlər haqqında susmaq yox, bir –birimizlə mümkün qədər çox danışmağın vacibliyini vurğulayıb: “Ola bilsin ki, bu ünsiyyət haradasa başlaya biləcək hər hansı bir yeni münaqişənin qarşısını alsın”.