YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

ATƏT-in Almaniyada keçirilən seminarında Dağlıq Qarabağ münaqişəsi müzakirə olunub

Almaniyada “ATƏT-in münaqişə dövrünün kəsilməsi istiqamətindəki tədbirlərinə ATƏT Parlament Assambleyası və onun üzvlərinin geniş töhfə vermək imkanları - həlli uzadılmış münaqişələrə xüsusi diqqət” mövzusunda seminar keçirilib.

Tədbirdə Azərbaycan nümayəndə heyəti də iştirak edib.

ATƏT Parlament Assambleyasının Almaniyanın Lansvayler şəhərində təşkil etdiyi seminarda Assambleyanın sədri İlkka Kanerva bildirib ki, toplantının əsas məqsədi həlli uzadılan münaqişələr barədə müzakirələr aparmaqdır. O qeyd edib ki, ATƏT regionunda fikir ayrılıqlarını aradan qaldırmaq üçün siyasi iradə tapmaq hələlik böhranlı məsələ olaraq qalır.

Tədbirdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən danışan Azərbaycan Respublikası Milli Məclisinin sədr müavini, ölkəmizin ATƏT Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Bahar Muradova deyib ki, Azərbaycan münaqişənin beynəlxalq hüququn prinsipləri çərçivəsində həllinə tərəfdardır. Azərbaycan bu məsələnin həllində öz qətiyyətli mövqeyini heç kimə güzəştə getməyəcək, özünün haqq işini sona qədər davam etdirəcək. Bizim mövqeyimizin əsas aparıcı istiqaməti ondan ibarətdir ki, əgər bölgənin və onun vasitəsilə ATƏT regionunun yenidən müharibə zolağına girməməsini istəyiriksə, yaranmış kövrək atəşkəs rejimindən istifadə edərək münaqişənin həllini sürətləndirməliyik. Münaqişənin həllinə cavabdeh olan Minsk qrupu, onun müəyyən institutlarının, o cümlədən Parlament Assambleyasının bu prosesə töhfə verməsi üçün mövcud mexanizmlərin işə salınması vacibdir.

ATƏT Parlament Assambleyasının siyasi məsələlər və təhlükəsizlik komitəsinin sədr müavini Azay Quliyev qeyd edib ki, münaqişə Azərbaycanın ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində həllini tapmalıdır. O vurğulayıb ki, nəinki Azərbaycan Silahlı Qüvvələrinin mövqeləri, həmçinin mülki yaşayış məntəqələri də Ermənistan tərəfinin hücumuna məruz qalır. Ona görə də hazırkı vəziyyət ATƏT tərəfindən qətiyyətli addımların atılmasını tələb edir.

Milli Məclisin deputatı Tahir Mirkişili bildirib ki, Ermənistan-Azərbaycan münaqişəsi nəticəsində bir milyondan artıq azərbaycanlı doğma yurd-yuvalarından zorla qovulub.

Seminarda xüsusi qonaq qismində iştirak edən Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının baş katibi Asəf Hacıyev beynəlxalq təşkilatların qərarlarının dərhal icra olunmasının, BMT Təhlükəsizlik Şurasının qətnamələrini yerinə yetirmək üçün Ermənistana təzyiq göstərilməsinin vacibliyini vurğulayıb.