YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Hikmət Hacıyev: Ermənistan rəhbərliyinin addımları qeyri-müəyyən və təhlükəli xarakter alır

Ermənistan tərəfinin əvvəlcədən əldə olunmuş razılığa baxmayaraq, Azərbaycan hərbi qulluqçusunun nəşini nümayişkarcasına qaytarmaqdan imtina etməsi rəsmi Yerevanın beynəlxalq humanitar hüquq, xüsusilə 1949-cu il Cenevrə Konvensiyası və əlavə protokolların normalarını növbəti dəfə kobud şəkildə pozmasıdır.

Bu fikir Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyevin açıqlamasında yer alıb.

Hikmət Hacıyev deyib ki, humanizm dəyərlərindən kənar olan Ermənistan rejimi cəsədləri belə işgəncə, təhqir və fiziki zorakılığa məruz qoyaraq qısas və siyasi möhtəkirlik obyektinə çevirir. Bu kimi zorakılıq əlamətləri son günlərdə geri qaytarılmış hərbi qulluqçuların cəsədlərində də müəyyən edilib.

Ermənistanın qeyri-insani əməllərinin nəticəsidir ki, 1991-1994-cü illər hərbi əməliyyatlarında əsir və girov götürülmüş 4000-dən artıq azərbaycanlı mülki və hərbi şəxs hələ də itkin düşmüş hesab olunur.

Cəsədlərin qaytarılmasına vasitəçilik missiyasını yerinə yetirən beynəlxalq qurumlar tərəfindən də Azərbaycan hərbi qulluqçusunun nəşinin Ermənistan tərəfində olması faktı təsdiqlənsə də, rəsmi Yerevanın imtinasından sonra onların susqunluq nümayiş etdirmələri başadüşülən deyil. Onlar tərəfindən bu kimi məsələlərdə prinsipial və aydın mövqe nümayiş etdirilməlidir.

Mətbuat katibi bildirib ki, rəsmi Yerevan aprelin 2-dən etibarən başladığı təxribat və hərbi avantüranın uğursuzluğundan sonra beynəlxalq təcrid vəziyyətində olduğunu bir daha görüb. Odur ki, ölkədaxili və beynəlxalq ictimaiyyət qarşısında olan-qalan nüfuz və etimadını da itirən Ermənistan rəhbərliyinin addımları daha sərsəm, qeyri-müəyyən və təhlükəli xarakter alır.