YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Avropa Siyasət Mərkəzi: Avropa İttifaqı Dağlıq Qarabağ münaqişəsində passiv müşahidəçi kimi qalmamalıdır

Avropa İttifaqının Brüsseldə fəaliyyət göstərən nüfuzlu “beyin mərkəzləri”ndən biri olan Avropa Siyasət Mərkəzinin tədqiqatçıları Amanda Pol və Denis Sammut tərəfindən “Avropa İttifaqı Dağlıq Qarabağ münaqişəsində passiv müşahidəçi qala bilməz” adlı təhlili məqalə hazırlanıb.

Məqalədə Ermənistan-Azərbaycan silahlı qüvvələrinin təmas xəttində baş vermiş sonuncu hərbi qarşıdurmanın diplomatik səylərin artırılmasının vacibliyini gündəmə gətirdiyi, əks halda, bu qarşıdurmanın təkrarlana biləcəyi, beynəlxalq diplomatik müstəvidə mühüm gedişatların nəzərdən qaçmadığı qeyd olunur. Gərginliyin azaldılması ilə bağlı müzakirələrə uzun illərdən bəri Minsk qrupunun ilk dəfə genişləndirilmiş tərkibdə qoşulduğu, həmçinin ATƏT-ə sədrlik edən Almaniyanın müstəqil təşəbbüsü ilə ATƏT Daimi Şurasının iclasının çağırıldığı vurğulanır.

Müəlliflərin fikrincə, Aİ münaqişənin həlli prosesinə artıq müşahidəçi qalmamalıdır. Çünki Cənubi Qafqaz ölkələrini Aİ ilə iqtisadi-ticarət, enerji, təhlükəsizlik, miqrasiya kimi əməkdaşlıq maraqları bağlayır. Bu istiqamətdə Aİ müəyyən konkret addımlar atmalı, Rusiya və onun havadarlarının mümkün etirazına baxmayaraq, ATƏT-in Minsk qrupunda təmsil olunan Aİ üzv ölkələri vasitəsilə münaqişənin həlli prosesinə qoşulmalıdır.

Qeyd edilir ki, Dağlıq Qarabağ münaqişəsi Aİ-nin Ermənistan və Azərbaycanla siyasi dialoqunda xüsusi çəkiyə malik olmalıdır. Münaqişədə hərbi vəziyyətlə bağlı dolğun və dürüst məlumat əldə etmək, hər iki tərəfin hərbi strukturları ilə dialoqu təmin etmək məqsədilə Aİ bu ölkələrdəki nümayəndəliklərinə hərbi attaşe təyin etməli, münaqişənin sülh yolu ilə həlli üçün vətəndaş cəmiyyətinə sərf etdiyi resursları bir daha nəzərdən keçirməli, mövcud mexanizmlərə dəyişiklik etməlidir. Həmçinin bildirilir ki, Aİ üzv ölkələrinin münaqişə ilə bağlı fərdi mövqeləri arasında daha çox yaxınlıq olmalı, münaqişənin regional təhlükəsizlik prizmasından həlli yanaşmasını irəli sürərək təşkilat digər regional tərəfdaşlar, o cümlədən Rusiya, Türkiyə və İranla məsləhətləşmələr aparmalıdır. Avropa İttifaqı Azərbaycan və Ermənistanın mövqeyini dinləməli və daha sonra münaqişənin həlli ilə bağlı üzv ölkələrin daha aydın mövqeyini təmin etməli, həmçinin münaqişənin hərtərəfli həlli istiqamətində siyasi, hərbi və maliyyə baxımından ata biləcəyi addımları müəyyənləşdirməlidir.