YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

SOCAR Yaponiya şirkətlərinin Azərbaycanın neft-qaz sənayesinə sərmayələr yatırması təkliflərini dəstəkləyir

SOCAR Yaponiyanın şirkət və bankları tərəfindən Azərbaycanın neft-qaz sənayesinə sərmayələrin yatırılması təkliflərini dəstəkləyir.

SOCAR-ın mətbuat xidmətindən verilən məlumata görə, bu barədə şirkətin prezidenti Rövnəq Abdullayevin Yaponiyanın Azərbaycandakı səfiri Tsuquo Takahaşi ilə keçirdiyi görüşdə danışılıb.

R.Abdullayev Azərbaycan və Yaponiya arasında uzunmüddətli, səmərəli əməkdaşlığın mövcudluğunu vurğulayıb, Yaponiya şirkətlərinin SOCAR tərəfindən həyata keçirilən bir sıra beynəlxalq miqyaslı layihələrdə uğurla fəaliyyət göstərdiyini qeyd edib. SOCAR-ın prezidenti ötən il Yaponiyaya səfərini və bu səfər zamanı keçirdiyi görüşləri xatırladaraq, həmin görüşlərdə Yaponiya şirkətlərinin Neft-Qaz Emalı və Neft Kimyası Kompleksi (NQNK) layihəsində iştirak perspektivlərinin ciddi müzakirə olunduğunu bildirib. Qeyd edib ki, SOCAR Yaponiyanın şirkət və bankları tərəfindən Azərbaycanın neft-qaz sənayesinə sərmayələrin yatırılması təkliflərini dəstəkləyir.

Bu günlərdə “Mitsui” şirkəti nümayəndələrinin Bakıya səfəri zamanı həmin təkliflərin texniki cəhətdən dəyərləndiriləcəyini söyləyən SOCAR-ın prezidenti, eyni zamanda, “Azəri-Çıraq-Günəşli” (AÇG) neft-qaz yataqları blokunun işlənməsi layihəsində əsas tərəfdaşlardan olan “IMPEX” şirkəti tərəfindən gənc azərbaycanlı mühəndislər üçün treninqlərin təşkilindən danışıb, təcrübə mübadiləsinin hər iki tərəf üçün mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb.

Səfir Tsuquo Takahaşi Yaponiya hökumətinin Azərbaycanla müxtəlif sahələr üzrə dost münasibətlərini daha da inkişaf etdirmək istədiyini, iqtisadiyyata, o cümlədən neft-qaz sektoruna xüsusi önəm verdiyini qeyd edib. Yaponiya şirkətlərinin Azərbaycanda həyata keçirilən neft-qaz layihələrində uğurlu iştirakında dəstəyə görə təşəkkürünü bildirib, yapon şirkətlərinin əməkdaşlığı davam etdirməkdə maraqlı olduqlarını diqqətə çatdırıb. Azərbaycanda yapon şirkətlərinin fəaliyyəti üçün yaradılan şəraitdən razılığını ifadə edən səfir NQNK layihəsi üzrə əməkdaşlığın Azərbaycan-Yaponiya münasibətlərinin inkişafına yeni töhfə verəcəyinə əminliyini bildirib.

Görüşdə tərəfləri maraqlandıran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

 

 

DİGƏR Xəbərlər Arxiv