YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan İndoneziya ilə enerji sahəsində əməkdaşlığın genişləndirilməsində maraqlıdır

Azərbaycan İndoneziya ilə enerji sahəsində əməkdaşlığın genişləndirilməsində maraqlıdır.

Energetika Nazirliyindən bildirilib ki, bu barədə energetika nazirinin müavini Natiq Abbasovun İndoneziyanın Azərbaycana yeni təyin olunmuş səfiri Hüsnan Fənani, eləcə də bu ölkənin Xarici İşlər Nazirliyinin analitiklərindən ibarət nümayəndə heyəti ilə keçirdiyi görüşdə danışılıb.

Görüşdə Azərbaycan və İndoneziya arasında enerji əməkdaşlığının tədqiqi, Azərbaycanın enerji sektoruna sərmayə qoyuluşu imkanları və təcrübə mübadiləsi kimi məsələlər ətrafında müzakirələr aparılıb. Bu il fevralın 1-də Bakıda keçirilən “İndoneziya-Azərbaycan Energetika Forumu”nun əhəmiyyətindən bəhs edən energetika nazirinin müavini N.Abbasov Azərbaycanın öz enerji təhlükəsizliyini tam təmin etdiyini, neft-qazla yanaşı, həm də elektrik enerjisi ixrac edən ölkəyə çevrildiyini diqqətə çatdırıb. Bildirib ki, bu gün Azərbaycanın təşəbbüsü ilə nəinki regionun, hətta Avropa qitəsinin enerjiyə tələbatının təmin olunması üçün nəhəng layihələr reallaşdırılır.

Nazir müavini SOCAR-ın İndoneziyada müxtəlif layihələr həyata keçirdiyini xatırladaraq bildirib ki, Azərbaycan İndoneziya ilə enerji sahəsində əməkdaşlığın genişləndirilməsində maraqlıdır.

İndoneziya nümayəndə heyətinin üzvləri ölkələrinin neft sahəsinə investisiya qoyuluşu, qaz idxalı və ixrac edilən neftin həcminin artırılmasına maraq göstərdiyini, mövcud imkanlar çərçivəsində bu məsələlərin reallaşma perspektivlərini diqqətə çatdırıblar.

N.Abbasov enerji əməkdaşlığının genişləndirilməsi üçün “Azərbaycan Respublikası Hökuməti və İndoneziya Respublikası Hökuməti arasında energetika və mineral ehtiyatlar sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nun imzalanmasının vacibliyini qeyd edib. Bildirilib ki, İndoneziya tərəfi layihəyə son təkliflərini göndərib və hazırda sənəd üzərində hazırlıq işləri yekunlaşmaq üzrədir.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.