YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Avstriya Prezidenti Azərbaycanda iqtisadiyyatın şaxələndirilməsi istiqamətində görülən işləri yüksək qiymətləndirib

Avstriyanın Federal Prezidenti Haynts Fişer “The Business Year” jurnalına müsahibəsində ölkəsinin Azərbaycanla bir çox istiqamətlərdə, xüsusilə iqtisadi sahədə əməkdaşlığına dair sualları cavablandırıb.

2017-ci ildə Avstriyanın ATƏT-ə sədrlik edəcəyini bildirən Prezident ölkəsinin çoxtərəfli diplomatiyaya böyük önəm verdiyini qeyd edib və sədrlik fəaliyyətinin builki Almaniya sədrliyinin təməli üzərində davam etdiriləcəyini diqqətə çatdırıb. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həssas və həlli önəm kəsb edən məsələ olduğunu qeyd edən Avstriyanın dövlət başçısı, eyni zamanda, Minsk qrupu həmsədrlərinin problemin həlli istiqamətində fəaliyyətindən Azərbaycan tərəfinin narazılığını anlayışla qarşıladığını deyib.

Azərbaycan-Avstriya iqtisadi əməkdaşlığının sağlam təməl üzərində qurulduğunu bildirən Haynts Fişer ölkələrimiz arasında ticarət dövriyyəsində neft ixracı sayəsində yüksək artım olduğunu qeyd edib. O əlavə edib ki, Avstriya Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkə iqtisadiyyatının şaxələndirilməsi və bu istiqamətdə islahatlar həyata keçirilməsini yüksək qiymətləndirir.

Prezident Haynts Fişer ölkələrimiz arasında qarşılıqlı ticarətin həcminin son on ildə təxminən on dəfə artdığını və ötən ilin ilk yarısının göstəricilərinə əsasən, Avstriyanın Azərbaycanın idxal tərəfdaşları arasında 5 mühüm ölkədən biri olduğunu bildirib. İki ölkə arasında iqtisadi əlaqələrin genişlənməsi üçün Avstriya İqtisadiyyat Palatasının 2010-cu ildə Bakıda ofis açdığını bildirən dövlət başçısı ötən il çoxlu sayda şirkətlərin iştirakı ilə biznes forumun keçirildiyini və palata tərəfindən sahibkarların Azərbaycanda fəaliyyətinə dəstək göstərildiyini söyləyib.

Azərbaycanda 45-dən artıq Avstriya şirkətinin fəaliyyət göstərdiyini qeyd edən Prezident onların ölkəmizin texniki və texnoloji inkişafına verə biləcəyi töhfədən danışıb. İqtisadiyyatın şaxələndirilməsi istiqamətində ölkəsinin Azərbaycanla birgə işləməyə hazır olduğunu qeyd edən Prezident bir çox Avstriya şirkətlərinin Azərbaycanda planlaşdırma, memarlıq və tikinti sektorunda fəaliyyət göstərdiyini söyləyib. Bildirib ki, neft və qaz sektoruna aid yüksək keyfiyyətli avadanlıqların təchizatçısı kimi Avstriya Azərbaycanın texnoloji inkişafına töhfə verib. Bundan başqa, təhsil sahəsindəkı mövcud əməkdaşlığa toxunan dövlət başçısı texnoloji istiqamətdə universitetlər və elmi dairələr arasında əlaqələrin gücləndirilməsinin faydalı olacağını vurğulayıb.

Prezident Haynts Fişer Azərbaycanla Avstriya arasında bir çox oxşarlıqlar olduğunu və hər iki ölkənin qarşılıqlı şəkildə öz təcrübələrini paylaşa və bundan faydalana biləcəyini də diqqətə çatdırıb. O qeyd edib ki, Azərbaycan əsas diqqəti iqtisadiyyatın şaxələndirilməsinə yönəltdiyinə görə Avstriya məmnuniyyətlə bu istiqamətdə mühüm tərəfdaş ola bilər. Bundan başqa, Azərbaycanda turizmin inkişafı, maddi-mədəni irsin qorunması, bərpası və digər sahələrdə Avstriya tərəfi ilə qurulmuş uğurlu əməkdaşlığı xatırladan dövlət başçısı gələcəkdə hər iki ölkə arasında bu sahələrdə birgə işləri davam etdirmək üçün potensialın mövcudluğunu diqqətə çatdırıb.

Azərbaycanın Şərq-Qərb və Şimal-Cənub marşrutları üzərində ticarət yollarının kəsişdiyi əsas məkana çevriləcəyinə inandığını qeyd edən Haynts Fişer Avstriyanın avtomagistral və dəmir yolları strukturunun inkişaf etdirilməsində böyük təcrübəyə malik olduğunu və bu təcrübənin Azərbaycan üçün faydalı ola biləcəyini qeyd edib.