YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Sofiyada “Azərbaycanda multikulturalizm” mövzusunda “dəyirmi masa” təşkil olunub

Bakı Slavyan Universitetinin Müqəddəs Kliment Oxridski adına Sofiya Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən Azərbaycan Dili və Mədəniyyəti Mərkəzinin təşkilatçılığı və Azərbaycanın Bolqarıstandakı səfirliyinin dəstəyi ilə “Azərbaycanda multikulturalizm” mövzusunda “dəyirmi masa” keçirilib.

Tədbiri açan Azərbaycan Dili və Mədəniyyəti Mərkəzinin direktoru Sofiya Şıqayeva-Mitresku dünyada multikulturalizm ideyasının tarixi barədə məlumat verdikdən sonra Azərbaycanda mövcud olan multikultural mühitə dair məruzə ilə çıxış edib. O bildirib ki, Azərbaycanda multikulturalizm həm cəmiyyətin dünyagörüşündən irəli gələn dəyərdir, həm də ümummilli lider Heydər Əliyevdən başlayaraq dövlət ideologiyasının tərkib hissəsidir. Azərbaycanda multikulturalizm dəyərləri təhsil, mətbuat və cəmiyyətdə davamlı olaraq təşviq olunur və dini-mədəni müxtəliflik mühiti dövlət tərəfindən qorunur.

Azərbaycanın Bolqarıstandakı səfiri Nərgiz Qurbanova çıxış edərək geniş mənada multikulturalizm anlayışının insanların fərqli dini, etnik, mədəni, irqi mənsubiyyətə malik olmalarının dəyərləndirilməsi, tanınması və təşviqindən ibarət olduğunu qeyd edib.

Azərbaycanın dünyada multikulturalizm və tolerantlıq modeli kimi qəbul olunduğunu qeyd edən N.Qurbanova hazırda ölkəmizdə müsəlman, xristian, yəhudi və digər icmaların sərbəst fəaliyyət göstərdiyini diqqətə çatdırıb. O qeyd edib ki, 2008-ci ildə müxtəlif ölkələrin mədəniyyət nazirləri, icma nümayəndələri və mədəniyyət xadimləri arasında beynəlxalq platforma rolunu oynayan “Bakı prosesi”nə start verilib. Səfir ölkəmizdə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin fəaliyyət göstərdiyini, aprel ayında Birləşmiş Millətlər Təşkilatının Sivilizasiyalar Alyansı ilə birgə Bakıda VII Qlobal Forumun keçiriləcəyini, bununla yanaşı, 2016-cı ilin Azərbaycanda “Multikulturalizm ili” elan olunduğunu və il ərzində Azərbaycanda və xaricdə çoxsaylı beynəlxalq tədbirlərin təşkil olunacağını “dəyirmi masa” iştirakçılarının diqqətinə çatdırıb.

Tədbirdə çıxış edən Bakı Beynəlxalq Humanitar Forumunun iştirakçısı, jurnalist Qergina Dvoretska Azərbaycanda dini tolerantlığın yüksək səviyyəsindən danışaraq, müxtəlif dinlərin nümayəndələrinin sülh şəraitində birgə yaşamasını multikulturalizmin uğurlu modeli adlandırıb.

Humanitar Forumun digər iştirakçısı, dirijor Kiril Lambov ölkəmizdə milli azlıqlara göstərilən diqqətdən danışıb. O, Azərbaycanda milli azlıqların məskunlaşdığı bir sıra bölgələrə səfər etdiyini və onlara münasibətdə heç bir fərqin qoyulmadığının şəxsən şahidi olduğunu bildirib.

Tədbirin sonunda Azərbaycanın Bolqarıstandakı səfirliyi tərəfindən Azərbaycan Dili və Mədəniyyəti Mərkəzinə milli geyimlərimiz hədiyyə edilib.