YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Novruz bayramı münasibətilə KİVDF-nin keçirdiyi müsabiqənin qalibləri mükafatlandırılıb

Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) Novruz bayramı münasibətilə keçirdiyi fərdi jurnalist yazıları müsabiqəsində birinci yerə layiq görülən mətbuat işçilərinin mükafatlandırılması mərasimi keçirilib.

Tədbir dövlət himninin səsləndirilməsi ilə başlayıb.

Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli qeyd edib ki, bu gün ölkədə KİV-lərin fəaliyyətinə dövlət dəstəyi daha da artıb, bu sahədə çalışanlar üçün hərtərəfli şərait yaradılıb. Ötən il dövlətimizin başçısının Sərəncamına əsasən Azərbaycan mətbuatının 140 illik yubileyi ilə bağlı tədbirlərin yüksək səviyyədə keçirilməsi, 200-dək jurnalistin fəxri ad, orden və medallarla təltif olunması bunun bariz nümunəsidir. Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun yaradılması da ölkəmizdə KİV-in inkişafını təmin etmək baxımından böyük əhəmiyyətə malikdir.

Fondun icraçı direktoru Vüqar Səfərli il ərzində KİV-ə dəstəklə bağlı həyata keçirilən layihələrdən də danışıb. Qeyd edilib ki, 2015-ci ildə fərdi jurnalist yazısı üzrə 11 müsabiqə keçirilib. Onlardan 3-ü fond, digərləri isə başqa qurumlarla birgə təşkil olunub. Ötən il 500-ə yaxın jurnalist müxtəlif müsabiqələrin qalibi olub.

Novruz bayramı münasibətilə keçirilən fərdi jurnalist yazıları müsabiqəsi barədə məlumat verən Vüqar Səfərli bildirib ki, müsabiqə yanvarın 28-də başlayıb. Ümumilikdə 90 jurnalistin mükafatlandırıldığı müsabiqədə 1 nəfər birinci, 2 nəfər ikinci, 3 nəfər isə üçüncü yerə layiq görülüb. Fondun icraçı direktoru bildirib ki, bu cür müsabiqələr gələcəkdə də davam etdiriləcək.

Novruz bayramı münasibətilə mətbuat işçilərini təbrik edən Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov bildirib ki, bu cür tədbirlər artıq ənənə halı alıb. Hər il Novruz bayramı ərəfəsində Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu tərəfindən bu cür müsabiqələr təşkil edilir. Bu müsabiqələrdə yüzlərlə jurnalist iştirak edir və onların böyük bir qismi mükafat alır. Azərbaycan Prezidenti İlham Əliyevin xalqımızı Novruz bayramı münasibətilə təbrik etdiyini bildirən Əli Həsənov qeyd edib ki, bu təbrikdə jurnalistlərin də öz payı var.

Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi 2016-cı ildə də jurnalistlərə şəxsi həyatlarında və peşəkar fəaliyyətlərində yeni-yeni uğurlar arzulayıb. Dövlətimizin başçısı İlham Əliyevin və Azərbaycan hökumətinin KİV-in cəmiyyət həyatındakı rolunun artırılmasını daim diqqət mərkəzində saxladığını bildirən Əli Həsənov bundan sonra da bu sahəyə lazımi dəstəyin göstəriləcəyini qeyd edib. Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi bildirib ki, jurnalistlərin cəmiyyətin müsbət harmoniyasının formalaşmasında mühüm xidmətləri var. Azərbaycan Prezidenti İlham Əliyevin vətəndaşlarımızın rifahının daha da yaxşılaşdırılmasını hər zaman diqqət mərkəzində saxladığını deyən Əli Həsənov bildirib ki, bu siyasətin də əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulub. Ümummilli Liderin jurnalistlərə böyük önəm verdiyini bildirən Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi vurğulayıb ki, dahi şəxsiyyət jurnalistikanın inkişafı ilə bağlı mühüm qərarlar qəbul edib.

Mətbuat Şurasının sədri Əflatun Amaşov bu cür müsabiqənin keçirilməsini yüksək qiymətləndirib. Qeyd edib ki, belə tədbirlər jurnalistlərə yazılarını cəmiyyətə təqdim etmək baxımından da əhəmiyyətlidir. Azərbaycan jurnalistikasının cəmiyyətimizin həyatında mühüm rol oynadığını vurğulayan Əflatun Amaşov bildirib ki, milli mətbuatımız yeni inkişaf dövrünü yaşayan ölkəmizin uğurlarını, həyata keçirilən islahatları dünyada təbliğ etmək məsələsində vacib rola malikdir.

Sonra müsabiqədə birinci yerə layiq görülən jurnalistlərin mükafatlandırılması mərasimi oldu. Mükafat alanlar arasında AZƏRTAC-ın əməkdaşı Nəriman Həsənov da var.

Bildirildi ki, Novruz bayramı münasibətilə keçirilən fərdi yazı müsabiqəsinə 62 KİV-dən 155 yazı təqdim edilib. Yazıların qiymətləndirilməsi 12 ekspert tərəfindən aparılıb. Jurnalistlər müsabiqədə ümumilikdə 15 istiqamət üzrə iştirak ediblər və hər istiqamət üzrə 6 qalib müəyyən olunub.

Tədbirdə Novruz bayramının adətlərinə uyğun olaraq yumurta döyüşdürüldü, qalib qiymətli hədiyyə ilə mükafatlandırıldı.

Tədbir maraqlı konsert proqramı ilə davam etdi.

 

DİGƏR Xəbərlər Arxiv