YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Milli Məclisdə Azərbaycan-ATƏT əlaqələri müzakirə edilib

Azərbaycan-ATƏT əlaqələri biristiqamətli deyil. Azərbaycan bütün istiqamətlərdə, iqtisadi, təhlükəsizlik, insan ölçüsünə dair sahələrdə bu təşkilat ilə əməkdaşlığa hazırdır. Ölkəmiz indiyədək bu istiqamətlərdə ATƏT-ə ciddi töhfələr verib.

Bu fikirlər martın 17-də Milli Məclis sədrinin müavini Bahar Muradovanın ATƏT-in Almaniya sədrliyinin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Günter Bexler ilə görüşündə səslənib.

Bahar Muradova bu səfərin ölkəmizin həm ATƏT, həm də Almaniya ilə münasibətlərində əhəmiyyətə malik olduğunu qeyd edib. O bildirib ki, Azərbaycan-ATƏT münasibətləri inkişaf edir. Biz bu təşkilatın bütün qurumları ilə əməkdaşlığa üstünlük veririk. Hər zaman ATƏT dəyərlərinə sadiq olduğumuzu əməli fəaliyyətimizdə sübut etməyə çalışırıq. Əlbəttə, Azərbaycanın bütün beynəlxalq təşkilatlarda, mövcud parlament assambleyalarındakı fəaliyyəti prioritet istiqamətlərdəndir. Lakin ATƏT bu qurumlar içərisində özünəməxsus yer tutur və bunun da ciddi səbəbləri var.

Bahar Muradova Almaniya sədrliyinin ATƏT-in bütün qurumlarında bir çox vacib məsələlərin həlli istiqamətində yeni addımlar atılacağına əminliyini ifadə edib. Bildirib ki, həmin məsələlərin həlli bütün səylərin birləşdirilməsini tələb edir. Biz hər zaman bu məsələlər ətrafında Azərbaycanın qətiyyətli və beynəlxalq hüququn prinsiplərinə söykənən mövqeyini açıqlamışıq.

Milli Məclis sədrinin müavini qeyd edib ki, inkişafın özünün doğurduğu problemlər və bir sıra beynəlxalq dairələrin müxtəlif regionlardakı maraqları bu gün dünyanı çox həssas dönəmə gətirib çıxarıb. Bu həssaslığın doğurduğu problemlər aradan qalxmasa gələcəkdə çox çətin olacaq.

Bahar Muradova ATƏT-in Minsk qrupunun səmərəsiz fəaliyyəti ilə bağlı Azərbaycanın tənqidi fikirlərinin əsaslı olduğunu sübut edən müəyyən tədbirlər görüləcəyinə inandığını bildirib. O, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən danışaraq, mövcud status-kvonun uzanmasının yalnız Ermənistanın maraqlarına xidmət etdiyini, eləcə də yeni-yeni münaqişə ocaqlarının yaranmasına səbəb olduğunu deyib. “Əlbəttə, biz düşünmürük ki, bir illik fəaliyyət ərzində Almaniya bu məsələnin tam həllinə nail ola biləcək. Lakin inanırıq ki, öz fəaliyyətinizlə bu məsələnin həlli istiqamətində addımlar atacaqsınız. Azərbaycan uzun illərdir bu problemlə yaşayır və onun həllinə çalışır”, - deyə Bahar Muradova əlavə edib.

Günter Bexler gələcəkdə də belə görüşlərin davamlı olaraq keçirilməsinə ümidvar olduğunu deyib. O, Almaniyanın sədrlik dövründə görəcəyi əsas işlərdən danışaraq bildirib ki, ATƏT-in fəaliyyətinin gücləndirilməsi əsas istiqamətlərdəndir. Qeyd edib ki, münaqişənin həlli üçün sədrlik çərçivəsində çox ciddi analizlər, təhlillər aparılmalıdır.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.