YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Bakıda möhtəşəm ilaxır çərşənbə

Qədim zamanlardan başlayaraq Novruz bayramı müxtəlif ayin və mərasimlərin, xüsusilə 4 çərşənbə axşamının sehrindən, sevincindən, arzu və ümidlərindən keçib gəlib. Həyatın, varlığın əsası sayılan 4 ünsürün – su, od, yel və torpağın adı ilə bağlanan bu çərşənbələr özünəməxsus mifoloji və etnoqrafik mahiyyəti ilə seçilib, həmişə xüsusi bayram olaraq qeyd olunub.

Martın 15-də ilaxır çərşənbə münasibətilə Mərkəzi Parkda Bakı Şəhər İcra Hakimiyyəti və Azərbaycan Televiziyasının birgə təşkilatçılığı ilə bayram proqramı təqdim edilib.

Torpağımızın əbədi od saxlancı Atəşgahdan çaparlar dəstəsinin müşayiəti ilə el ağsaqqalı Dədə Qorqudun və Bahar qızının gətirdiyi odla Novruz tonqalı yandırılıb.

Sonra söz Dədə Qorquda və Bahar qızına verilib, onlar ilaxır çərşənbə münasibətilə xalqımızı təbrik ediblər.

Gecədə Novruz personajları - Kosa və Keçəlin maraqlı söhbəti, kəndirbaz və pəhləvanların məharəti, milli geyimli oğlan və qızların rəqsi, incəsənət ustalarının ifaları bayrama əhval-ruhiyyəsini daha da coşdurub.

Paytaxt sakinləri və qonaqların maraqla izlədikləri bayram konsertinin sonunda Bakının bahar axşamının səması möhtəşəm atəşfəşanlığın əlvan rənglərinə boyanıb.