YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Kanada-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun təsis yığıncağı keçirilib

Martın 9-da 42-ci çağırış Kanada parlamentində Kanada-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun təsis yığıncağı keçirilib.

Azərbaycanın Kanadadakı səfirliyindən bildirilib ki, yığıncaq zamanı Dostluq Qrupunun tərkibi və məsul şəxsləri, o cümlədən sədr, sədr müavinləri, katib və direktorlar müəyyənləşib. Kanada Parlamentinin Mühafizəkarlar Partiyasından olan üzvü Ceymi Şmeyl Dostluq Qrupunun sədri vəzifəsinə seçilib.

Bundan başqa, tədbir zamanı Azərbaycan ilə Kanada arasında siyasi, iqtisadi və digər sahələrdə münasibətlərin hazırkı durumu və inkişaf perspektivləri müzakirə olunub.

Azərbaycanın Kanadadakı müvəqqəti işlər vəkili Ramil Hüseynli çıxış edərək ölkəmizin Kanada ilə münasibətləri inkişaf etdirməkdə maraqlı olduğunu bildirib. İki ölkə arasında əlaqələrin tərəqqisi üçün yüksək səviyyəli qarşılıqlı səfərlərin baş tutmasının vacibliyini vurğulayıb.

Eyni zamanda parlamentlərarası əməkdaşlığın iki ölkə arasındakı əlaqələrin inkişafında əhəmiyyətli rol oynadığı da qeyd edilib və deputatlardan ibarət nümayəndə heyətlərinin qarşılıqlı səfərlərinin davam etdiriləcəyinə əminlik ifadə olunub. Həmçinin, Kanada şirkətlərinin Azərbaycandakı fəaliyyəti və ölkəmizin əldə etdiyi uğurlar barədə iştirakçılara məlumat verilib.

Dostluq Qrupunun sədri Ceymi Şmeyl isə çıxışında Kanadanın Azərbaycanla müxtəlif sahələrdə, o cümlədən kənd təsərrüfatı sahəsində ikitərəfli əlaqələrin inkişafına əhəmiyyət verdiyini diqqətə çatdırıb.

Müzakirələr zamanı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, regiondakı geosiyasi vəziyyət, enerji layihələri, Azərbaycanın digər ölkələrlə əlaqələri və qarşılıqlı maraq kəsb edən bir sıra digər məsələlərə də toxunulub.

 

DİGƏR Xəbərlər Arxiv