YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Riqada Azərbaycan nümayəndə heyəti ilə regional məsələlər müzakirə olunub

Regional məsələlər üzrə komitənin sədri Arif Rəhimzadənin rəhbərlik etdiyi Azərbaycan Milli Məclisinin nümayəndə heyəti Riqada rəsmi səfərdədir. Nümayəndə heyətinə Milli Məclis komitəsinin üzvləri Rüstəm Xəlilov, Kamran Bayramov, Azərbaycan Qəsəbə Bələdiyyələri Milli Assosiasiyasının sədri Hümbət Hüseynov, Şəhər Bələdiyyələri Milli Assosiasiyasının icraçı katibi Tofiq Həsənov, parlamentin eksperti İsak Alməmmədov daxildir.

Martın 9-da nümayəndə heyətinin üzvləri Azərbaycan səfirliyində olub. Azərbaycanın Latviyada müvəqqəti işlər vəkili Gəray Muradov ikitərəfli əlaqələrin vəziyyəti və inkişaf perspektivi haqqında məlumat verib.

Elə həmin gün nümayəndə heyəti Latviya Seymində iqtisadiyyat, kənd təsərrüfatı, ətraf mühit və regional siyasət üzrə parlament komitəsinin sədri Roman Naudinşla görüşüb. Görüşdə tərəflər Azərbaycan və Latviya yerli və regional hakimiyyətləri arasında əməkdaşlığın möhkəmləndirilməsini arzuladıqlarını bildiriblər. R.Naudinş Latviyada həyata keçirilən yerli özünüidarəetmə islahatları haqqında məlumat verib. Azərbaycanın bu sahədə Latviya təcrübəsindən istifadəsi imkanları müzakirə olunub.

Milli Məclisin regional məsələlər üzrə komitə sədri Arif Rəhimzadə ikitərəfli əlaqələrin mühüm ehtiyatı kimi regional əməkdaşlığın effektiv inkişafının əhəmiyyətini vurğulayıb. A.Rəhimzadə Azərbaycanda yerli özünüidarəetmə orqanlarının inkişafına dair effektiv tədbirlər haqqında danışıb.

Komitə sədri Xocalı faciəsi ilə bağlı qəbul edilmiş sənədə görə Latviya Seyminə minnətdarlığını bildirib.

Səfər çərçivəsində Azərbaycan parlament nümayəndə heyətinin Ətraf Mühitin Mühafizəsi və Regional İnkişaf Nazirliyində və Riqa Dumasında görüşləri gözlənilir. Milli Məclisin deputatları Operativ İnformasiya, Özünüidarəetmə Mərkəzinin, “Fortum” biokütlənin kogenerasiyası stansiyasının işi ilə tanış olmaq üçün Yelqavaya baş çəkəcəklər. Bundan başqa, onlar şəhər dumasının nümayəndələri ilə görüşmək üçün Yurmalaya da səfər edəcəklər.