YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan səfiri etimadnaməsini BMT-nin Cenevrə Bölməsinin Baş direktoruna təqdim edib

Martın 4-də Azərbaycan Respublikasının Cenevrədəki BMT Bölməsində və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi, səfir Vaqif Sadıqov etimadnaməsini BMT-nin Cenevrə Bölməsinin Baş direktoru Maykl Möllerə təqdim edib.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən  bildiriblər ki, Azərbaycanın Daimi Nümayəndəliyindən verilmiş məlumata görə, görüşdə səfir V.Sadıqov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin salamlarını Baş direktora çatdırıb və ölkəmizin BMT ilə bir çox sahələrdə əməkdaşlığın daha da gücləndirilməsində maraqlı olduğunu bildirib. Söhbət zamanı o bildirib ki, BMT-nin Cenevrə Bölməsinin ixtisaslaşdığı sahələr – insan hüquqlarının müdafiəsi, humanitar məsələlər və fövqəladə yardım, çoxtərəfli iqtisadi-ticarət əlaqələri və beynəlxalq təhlükəsizlik problemləri Azərbaycanın uğurla həyata keçirdiyi daxili və xarici siyasətin vacib tərkib elementlərini təşkil edir.

Səfir V.Sadıqov bir sıra vacib sahələrdə, xüsusilə dözümlülük, multikulturalizm, mədəniyyətlər və dinlər arasında dialoqun təşviq edilməsində BMT-nin səylərinə Azərbaycanın fəal dəstəyinin davam etdiriləcəyini vurğulayıb. O, həmçinin Azərbaycanın beynəlxalq səviyyədə humanistlik və sülhpərvər siyasətinin göstəricisi kimi, 2015-ci ildə ilk Avropa Oyunlarının keçirilməsi və 2017-ci ildə növbəti İslam Həmrəyliyi Oyunlarının Bakıda təşkil ediləcəyini də Baş direktorun diqqətinə çatdırıb.

V.Sadıqov 2016-cı il aprelin 25-27-də Bakıda keçiriləcək BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumu və tədbirdə BMT-nin baş katibi Pan Gi Munun gözlənilən iştirakı haqda məlumat verib.

Ermənistanın Azərbaycana qarşı davam edən təcavüzündən söz açan səfir BMT-nin hər zaman ölkəmizin ərazi bütövlüyü və suverenliyini tanıdığını vurğulayıb, BMT Təhlükəsizlik Şurasının və Baş Assambleyasının müvafiq qətnamələrinə istinad edərək, BMT-nin bundan sonra da Azərbaycanın haqlı mövqeyini dəstəkləyəcəyinə əminliyini ifadə edib.

M.Möller bildirib ki, BMT-nin Cenevrə Bölməsi BMT çərçivəsində qəbul olunmuş Davamlı İnkişaf Məqsədləri proqramının həyata keçirilməsi prosesində mühüm rol oynayacaq və BMT üzv ölkələri ilə əlbir işləməyə hazırdır. Beynəlxalq təhlükəsizlik məsələlərinə toxunaraq Baş direktor qeyd edib ki, bu məsələlərin yeni inkişaf səviyyəsinə qaldırılması böyük əhəmiyyət kəsb edir və bütün ölkələrin səylərinin səfərbər olunmasını tələb edir.

Görüşün sonunda BMT-nin Cenevrə Bölməsinin Baş direktoru M.Möller salamlarının Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə çatdırılmasını səfir V.Sadıqovdan xahiş edib və ölkəmizlə BMT-nin Cenevrə Bölməsi arasında əlaqələrin inkişaf etdirilməsində əməkdaşlıq etməyə hazır olduğunu bildirib.