YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

TAP-ın Albaniya və Yunanıstandan keçən hissəsini inşa edəcək şirkətlər məlum olub

“Trans-Adriatik” (TAP) boru kəmərinin Albaniya və Yunanıstandan keçən quru hissəsinin tikintisini həyata keçirəcək şirkətlər məlum olub.

Bu barədə məlumat TAP-ın rəsmi saytında yer alıb. Məlumatda bildirilir ki, boru kəmərinin Albaniya və Yunanıstandan keçən 48 düyümlük 760 kilometr uzunluğundakı quru hissəsi üzrə mühəndislik, təchizat və tikinti müqavilələri imzalanıb. TAP Yunanıstanda üç, Albaniyada isə iki tikinti bölmələrindən ibarətdir.

İtaliyanın “Bonatti S.p.A” və Yunanıstanın “J&P AVAX S.A.” şirkətlərindən ibarət birgə müəssisə Yunanıstanın şimalında iki lot üzrə - boru kəmərinin Kavala və Leropigi (Albaniya sərhədi) arasında, uzunluğu təxminən 360 kilometr olan hissəsinin inşasını həyata keçirəcək.

Fransanın “SPIECAPAG” şirkəti isə iki lot üzrə ümumilikdə 215 kilometr uzunluğunda – kəmərin Yunanıstanda Kipoi və Kavala arasında 185 kilometrlik hissəsinin, Albaniyada isə Bilisht və Topoje arasındakı hissəsinin tikintisini həyata keçirəcək. “SPIECAPAG” bundan başqa, Yunanıstan-Türkiyə sərhədində TAP ilə Trans-Anadolu qaz boru kəmərinin (TANAP) çaydan keçən birləşmə hissəsini tikəcək.

Qeyd edək ki, uzunluğu təxminən 878 kilometr olan TAP boru kəməri Türkiyə ilə Yunanıstan sərhədində yerləşən Kipoi məntəqəsində TANAP-a birləşəcək. TAP layihəsi Xəzərin Azərbaycan sektorundakı “Şahdəniz-2” yatağından çıxarılan qazın Yunanıstan və Albaniya vasitəsilə, Adriatik dənizindən keçməklə İtaliyanın cənubuna, oradan da Qərbi Avropaya nəqlini nəzərdə tutur. Bu layihə Azərbaycan qazının İtaliya, Almaniya, Fransa, Böyük Britaniya, İsveçrə və Avstriya kimi böyük Avropa bazarlarına çatdırılması üçün böyük imkanlar yaradır.

TAP-ın səhmdarları belədir: BP (20 faiz), SOCAR (20 faiz), Snam S.p.A. (20 faiz), Fluxys (19 faiz), Enagás (16 faiz) və Axpo (5 faiz).