YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Praqada Azərbaycanın biznes mühitindən bəhs edilib

Martın 3-də Praqada “Azərbaycanda biznesin aparılması” mövzusunda seminar təşkil edilib. Seminarın keçirilməsindən məqsəd yerli şirkətlərin Azərbaycana sərmayə yatırması imkanlarının təşviq edilməsi olub.

Tədbirdə Çexiya Sənaye və Ticarət Nazirliyinin, Çexiya İxracatın Zəmanəti və Sığortası Cəmiyyətinin (EGAP) və digər dövlət qurumlarının nümayəndələri, habelə müxtəlif şirkətlərin təmsilçiləri iştirak ediblər.

Seminarın əsas məruzəçiləri qismində Azərbaycanın bu ölkədəki səfiri Fərid Şəfiyev, Çexiyanın Sənaye və Ticarət Nazirliyinin xarici iqtisadi siyasət bölməsinin rəhbəri Martin Pospişil, Çexiya Sənaye və Nəqliyyat Birliyinin vitse-prezidenti Radek Şpitsar, EGAP-ın nümayəndəsi Hana Hikelova və digərləri çıxış ediblər.

Səfir Fərid Şəfiyev çıxışında dünyada hökm sürən iqtisadi böhrana və neftin qiymətinin kəskin enməsinə baxmayaraq, Azərbaycanın sabit şəkildə iqtisadi inkişafını davam etdirdiyini bildirib, ölkədə biznes mühitinin yaxşılaşdırılması məqsədilə hökumətin həyata keçirdiyi tədbirlər, qeyri-neft sektorunun inkişafı və iqtisadiyyatın şaxələndirilməsi sahəsində atdığı addımlar barədə məlumat verib. Diplomat Azərbaycan iqtisadiyyatına xarici sərmayələrin yatırılmasının əhəmiyyətinə toxunub, yerli istehsal imkanlarının perspektivlərindən danışıb.

Azərbaycanda fəaliyyət göstərən “Ekvita” vəkillər bürosunun nümayəndəsi Anar Kərimov “Azərbaycanda biznes mühitini tənzimləyən qanunvericilikdə yeniliklər” mövzusunda çıxış edib. O, ölkəmizdə biznesin aparılması və bununla əlaqədar hüquqi təminat barədə tədbir iştirakçılarını məlumatlandırıb.

Digər natiqlər Azərbaycanda münbit sərmayə mühitinin formalaşması, ölkəmizin sabit inkişafı, MDB ölkələri arasında ən yüksək iqtisadi göstəricilərə malik olması, Çexiya-Azərbaycan iqtisadi və biznes əlaqələrinin inkişafı barədə məlumat veriblər.