YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Prezident “Azərbaycan Respublikasının fövqəladə hallar atlası”nın nəşri barədə Sərəncam imzalayıb

Martın 2-də Prezident İlham Əliyev “Azərbaycan Respublikasının fövqəladə hallar atlası”nın nəşri haqqında Sərəncam imzalayıb.

Sərəncamda əhalinin və infrastruktur obyektlərinin mühafizəsini və fövqəladə halların qabaqlanması üçün profilaktik tədbirlərin planlaşdırılmasını həyata keçirən, bu sahədə müvafiq qərarlar qəbul edən dövlət orqanlarından vahid elmi-praktik yanaşma tələb olunduğu vurğulanır. Qeyd edilir ki, ölkə ərazisində baş vermiş və yarana biləcək təbii dağıdıcı hadisələrin elmi cəhətdən sistemli şəkildə öyrənilməsi, onların törədə biləcəyi ziyan və risklərin kompleks qiymətləndirilməsi ön plana çəkilir. Bu baxımdan “Azərbaycan Respublikasının fövqəladə hallar atlası”nın nəşri böyük sosial-iqtisadi əhəmiyyətə malikdir.

Sənəddə atlasın nəşrinin təbii resurslardan səmərəli istifadə, əhalinin, yaşayış məntəqələrinin, sənaye və kənd təsərrüfatı müəssisələrinin, digər infrastruktur obyektlərinin, o cümlədən strateji neft-qaz kəmərlərinin, kommunikasiya xətlərinin fövqəladə hallardan qorunması, istehsal qüvvələrinin inkişafı məsələlərinin əsaslandırılmış şəkildə həll edilməsi məqsədi daşıdığı bildirilir.

Prezident İlham Əliyev “Azərbaycan Respublikasının fövqəladə hallar atlası”nın redaksiya heyətinin tərkibini təsdiqləyib. Sərəncama əsasən Baş nazirin müavini Abid Şərifov redaksiya heyətinin sədri, fövqəladə hallar naziri Kəmaləddin Heydərov və Milli Elmlər Akademiyasının prezidenti Akif Əlizadə redaksiya heyəti sədrinin müavinləri, AMEA-nın akademik H.Əliyev adına Coğrafiya İnstitutunun direktoru Ramiz Məmmədov məsul katib təyin olunublar. Həmçinin redaksiya heyətinin üzvləri 20 nəfərdən ibarət tərkibdə təsdiq edilib.