YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Bahar Muradova ATƏT PA-nın qış sessiyasında: Bu gün biz Xocalı soyqırımının ildönümündə terror nəticəsində həlak olan bütün günahsız insanların xatirəsini yad etməliyik

Fevralın 26-da Vyanada ATƏT Parlament Assambleyasının qış sessiyasında “ATƏT məkanında miqrant və qaçqın böhranı: kollektiv cavab tədbirlərinin gücləndirilməsi“ adlı xüsusi debatlarda Azərbaycan nümayəndə heyətinin rəhbəri Bahar Muradova çıxış edib.

Bahar Muradova çıxışın əvvəlində dünyada və ATƏT məkanında baş verən məcburi miqrasiya və qaçqın probleminə toxunaraq deyib: “Bu gün dünyadakı vəziyyət sürətlə dəyişir. Regionda demoqrafik dəyişikliklərlə bağlı vəziyyəti aydın qiymətləndirmək, qaçqın, miqrant və məcburi köçkünlərin vəziyyətini yüngülləşdirmək üçün nələr edə bilərik? Biz hərdən bu və ya digər regionda baş verən soyqırımlara, saysız-hesabsız terror aktlarına, işğala qarşı çıxmaqda dəstək olmaqla bağlı xahiş və çağırışları dinləyirik, lakin eşitmirik”.

Milli Məclis sədrinin müavini əlavə edib ki, çox vaxt öz evində baş verməyincə problemin mahiyyəti aydın olmur. Bu törədilmiş cinayətlər haqda danışanda vandalizm aktlarının qurbanlarını da xatırlamamaq olmaz.

Biz daima həmin cinayətlər nəticəsində həyatlarını bir göz qırpımında itirən müxtəlif dinlərin və millətlərin nümayəndələrini xatırlamalıyıq.

B.Muradova qeyd edib ki, bu cinayətlərin törədilməsində günahkar təkcə əmri verənlər və tətiyi çəkənlər deyil. Günahkar həm də dünyanın ayrı-ayrı bölgələrində bu cür münaqişələrdən öz xeyirlərini güdən müxtəlif ölkələrin rəhbərləri və siyasətçilər, beynəlxalq təşkilatların yüksək vəzifəli nümayəndələri, hərbi sənaye dairələridir.

Azərbaycan nümayəndə heyətinin rəhbəri tədbir iştirakçılarını dünyanın müxtəlif şəhər və bölgələrində yaxın keçmişdə baş vermiş terror hadisələrinin qurbanlarını unutmamağa çağıraraq deyib: “Bu gün biz Xocalı soyqırımının ildönümündə terror nəticəsində həlak olan bütün günahsız insanların xatirəsini yad etməliyik. Artıq 24 ildir ki, fevralın 26-sı təqvimimizə qara rəqəmlərlə yazılıb. Mənim ölkəm və mənim millətim bu günü qeyd edərək, digər insanlığa qarşı aktların qurbanlarının xatirəsini yad edir. Heç olmasa bu ağrı bizi birləşdirməlidir ki, gələcək təhdidlərin qarşısını ala bilək və geri dönmək ümidindən başqa hər şeyini itirmiş bütün insanlara kömək edək”.

 

 

DİGƏR Xəbərlər Arxiv