YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev Rusiya Baş naziri müavininin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 19-da Rusiya Federasiyası Baş nazirinin müavini Dmitri Roqozinin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.

Dövlətimizin başçısı Azərbaycan ilə Rusiya arasında ikitərəfli münasibətlərin müxtəlif istiqamətlərdə, o cümlədən siyasi, iqtisadi, humanitar və digər sahələrdə uğurla inkişaf etdiyini vurğuladı. Prezident İlham Əliyev hərbi-texniki sahədə də konstruktiv əməkdaşlığımızın daha da genişləndiyini, bu əməkdaşlığın müsbət nəticələr verdiyini və yaxşı perspektivlərə malik olduğunu diqqətə çatdırdı. Dövlətimizin başçısı Dmitri Roqozinin eyni zamanda, Rusiya-Azərbaycan birgə komissiyasının həmsədri kimi ölkələrimiz arasında münasibətlərin daha da möhkəmləndirilməsi işinə verdiyi töhfəni qeyd etdi. Prezident İlham Əliyev ikitərəfli münasibətlərimizin inkişafına Azərbaycanın da önəm verdiyini vurğulayaraq Azərbaycan ilə Rusiya arasında ticarət dövriyyəsinin artmasını strateji əməkdaşlığımızın inkişaf etdirilməsi istiqamətində ölkələrimizin birgə səylərinin yaxşı nəticəsi kimi dəyərləndirdi.

Rusiya Federasiyası Baş nazirinin müavini Dmitri Roqozin Azərbaycan ilə Rusiya arasında iqtisadi, ticarət və digər sahələrdə münasibətlərimizin inkişafına dair Prezident İlham Əliyevin söylədiyi fikirləri yüksək qiymətləndirdiyini bildirdi. Dmitri Roqozin Rusiya tərəfinin Azərbaycan xalqı və dövləti ilə münasibətlərə hörmətlə yanaşdığını bildirərək ölkəmizlə əməkdaşlığın bundan sonra da genişlənəcəyinə əminliyini ifadə etdi və Rusiya-Azərbaycan birgə komissiyasının həmsədri kimi bu istiqamətdə səylərini əsirgəməyəcəyini dedi.

Dövlətimizin başçısı iki ölkənin birgə səyləri ilə əməkdaşlığımızın bundan sonra daha da genişlənəcəyinə və Rusiya-Azərbaycan birgə komissiyasının qarşıdakı dövrlərdə fəaliyyətinin əməli nəticələr verəcəyinə əminliyini ifadə etdi.