YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Partiya xəbərləri

YAP Səbail rayon təşkilatının yaranmasının 23-cü ildönümü münasibətilə tədbir keçirilib

Bu gün Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatının yaranmasının 23-cü ildönümü münasibətilə tədbir keçirilib.

Rayon təşkilatının sədri, Milli Məclisin deputatı Şəmsəddin Hacıyev tədbir iştirakçılarını təbrik edərək onlara siyasi fəaliyyətlərində uğurlar arzulayıb. O, bildirib ki, YAP-ın yaranması müasir tariximizin ən mühüm ictimai-siyasi hadisələrindən biridir. Təşkilat sədri, ötən dövr ərzində Yeni Azərbaycan Partiyasının ümumxalq partiyasına çevrildiyini, bütün bu müddət ərzində Azərbaycanın inkişafı naminə çalışdığını bildirib. O, tarixə qısa ekskurs edərək partiyanın yaranması tarixindən danışıb, 1990-cı ilin əvvəllərində Azərbaycanın dərin böhran vəziyyətində olduğunu, bu böhrandan xalqı və dövləti Ulu öndər Heydər Əliyevin çıxardığını, xalqın ziyalılarının müraciəti ilə 1992-c il 21 noyabr tarixində Azərbaycanın taleyində çox mühüm rol oynayan Yeni Azərbaycan Partiyasının yarandığını vurğulayıb.

Ş.Hacıyev 21 fevral  1993-cü ildə partiyanın Səbail rayon təşkilatının təsis konfransının keçirildiyini xatırladıb. Onun sözlərinə görə, ötən dövr ərzində rayon təşkilatı böyük inkişaf yolu keçib. Ş.Hacıyev YAP Səbail rayon təşkilatının üzvlərinin də ictimai-siyasi proseslərdə fəal iştirak etdiyini deyib. Təşkilat sədri Ümummilli liderin əsasının qoyduğu siyasi kursun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini, bu siyasətin nəticəsində hazırda ölkəmizin güclü dövlətə çevrildiyini qeyd edib.

Tədbirdə çıxış edən Milli Məclisin Aqrar siyasət komitəsinin sədri, YAP İdarə Heyətinin üzvü Eldar İbrahimov partiyanın yaranması tarixini xatırladıb, o dövrün çətinliklərindən bəhs edib. E.İbrahimov qeyd edib ki, Ulu öndərimiz Heydər Əliyevin yaratdığı Yeni Azərbaycan Partiyası xalqımızın və ölkəmizin həyatını kökündən dəyişdirib, ölkəmizin həyatında yeni mərhələnin əsasını qoyub, yarandığı vaxtdan partiyamız siyasi mübarizələrlə dolu şərəfli bir yol keçib. Onun sözlərinə görə, Yeni Azərbaycan Partiyası Ulu öndər Heydər Əliyevin həyata keçirdiyi siyasətin avanqard qüvvəsi kimi xalqımızın qarşısında dayanan vəzifələrin həll edilməsinə layiqli töhfəsini verir: “Bu, bundan sonra da davam edəcək, partiyamız Ulu öndərimiz, Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin ideyalarını yaşadacaq, Heydər Əliyev siyasi məktəbinin, Onun yolunun və ideyalarının davamçısı olacaq. Bu gün partiyamızın Sədri, ölkə Prezidenti İlham Əliyev Ulu öndərimizin müəyyənləşdirdiyi siyasi kursu uğurla davam etdirir”. YAP Səbail rayon təşkilatının üzvlərini təbrik edən E.İbrahimov onlara gələcək siyasi fəaliyyətlərində uğurlar arzulayıb.

YAP İdarə Heyətinin üzvü Nizami Xudiyev çıxış edərək partiyamızın cəmiyyətimizdəki mövqeyi, onun yerli strukturlarının fəaliyyəti haqqında fikirlərini bildirib. O, YAP Səbail rayon təşkilatının partiyanın öncül strukturlarından biri olduğunu qeyd edib.

Tədbirdə, həmçinin YAP Siyasi Şurasının üzvü Rizvan Vahabov, YAP Səbail rayon təşkilatı sədrinin birinci müavini Muxtar Nağıyev və digərləri çıxış edərək partiyamızın keçdiyi inkişaf yolu, eləcə də, YAP Səbail rayon təşkilatının fəaliyyəti haqqında fikirlərini bildiriblər.

Tədbirdə həmçinin, YAP Səbail rayon təşkilatının bir qrup fəal üzvünə fəxri fərmanlar təqdim olunub.

Sonda  YAP Səbail rayon təşkilatının informasiya portalının təqdimatı keçirilib.