YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Çingiz Əsgərov: Xocalı faciəsi insanlıq əleyhinə törədilmiş cinayətlərin açıq-aşkar nümunəsidir

«Xocalı faciəsi insanlıq əleyhinə törədilmiş cinayətlərin açıq-aşkar nümunəsidir. Bu cinayətləri törətmiş şəxslərin beynəlxalq hüquqi məsuliyyətə cəlb edilməsinə nail olmaq üçün müxtəlif vasitələrdən istifadə etmək mümkündür. Həmin vasitələrə yol açmaq üçün ilk növbədə ölkənin daxilində Azərbaycan Respublikası Prokurorluğu tərəfindən cinayət işi başlanılıb, insanlıq əleyhinə cinayət törətməkdə şübhəli bilinən şəxslər müəyyən edilib və axtarışa verilib. Müəyyən edilmiş şəxslərin Azərbaycanda mühakimə olunması üçün obyektiv əngəllər olsa da, istintaq zamanı əldə edilmiş məlumatlar, işin faktiki halları beynəlxalq müstəvidə çıxış etmək üçün möhkəm bünövrəni təşkil edir». Bu fikirləri Prezident Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin insan hüquqlarının müdafiəsi məsələləri sektorunun müdiri, Azərbaycanın Avropa İnsan Haqları Məhkəməsi yanında səlahiyyətli nümayəndəsi Çingiz Əsgərov deyib.

Ç.Əsgərov bildirib ki, müasir dünyada insan hüquqlarının pozulmasına yol vermiş şəxslərin və dövlətlərin məsuliyyətə cəlb edilməsinin iki mümkün üsulu var: birincisi, universal yurisdiksiyanı tanıyan dövlətlərin məhkəmələrinə, ikincisi isə beynəlxalq məhkəmələrə müraciət etmək. Xocalı soyqırımı ilə əlaqədar hər iki imkan araşdırılıb və müvafiq tədbirlər artıq həyata keçirilib.

«Azərbaycan Respublikası Avropa İnsan Hüquqları Konvensiyasına qoşulduqdan dərhal sonra vətəndaşların Avropa İnsan Haqları Məhkəməsinə müraciət etməsi imkanları təhlil edilərək zəruri tədbirlərin hədləri müəyyənləşdirilib. Bunun üçün ölkəmizdə fəaliyyət göstərən gənc hüquqşünaslar da cəlb edilib. Misal üçün, Azərbaycan Hüquqşünaslar Konfederasiyasının üzvləri tam təmənnasız olaraq minlərlə qaçqın və məcburi köçkün ailələri ilə görüşlər keçirib, söhbətlər aparıblar. Nəticədə Ermənistana qarşı yüzlərlə ərizə Avropa Məhkəməsinə təqdim edilib. Bu ərizələrdə nəinki erməni təcavüzü nəticəsində insanların mülki hüququnun pozulması, həmçinin şəxsi və ailə həyatının toxunulmazlığı, ayrı-seçkiliyin qadağan edilməsi məsələsi qaldırılıb. Bundan əlavə, Xocalı sakinlərinin ərizələrində Avropa Konvensiyasının 2-ci və 3-cü maddələri rəhbər tutularaq erməni quldurları tərəfindən onların işgəncələrə məruz qalması, yaxın qohumlarının öldürülməsi məsələləri əksini tapıb. Bu ərizələrdə Ermənistan dövləti cavabdeh kimi çıxış edir. Amma təəssüflər olsun ki, hazırda Avropa Məhkəməsində və Avropa Şurasında xoşagəlməz hadisələrin şahidi oluruq. Avropa qitəsinin sakinlərinin hüquq və azadlıqlarını qorumaq vəzifəsi olan Avropa Məhkəməsi hüquqdan uzaqlaşaraq siyasi gündəliyi olan quruma çevrilir. Təşkilatın iştirakçı dövlətlərdə müstəqil məhkəmə sisteminin fəaliyyətini tələb edən qurum hazırda müstəqil məhkəmə xüsusiyyətini itirməkdədir. Məhz buna görə minlərlə azərbaycanlı qaçqın və məcburi köçkünün ərizələri on ildən artıqdır ki, baxılmamış qalır. Azərbaycan xalqına xəyanət edənlərin, öz şəxsi maraqlarını vətəndən yüksək tutanların ərizələri isə prioritet qaydasında altı, yeddi ay ərzində baxılır»- deyə, Ç.Əsgərov vurğulayıb.