YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Vaşinqtonda Azərbaycan, Türkiyə və Gürcüstan istehsalı olan şərabların təqdimatı keçirilib

Azərbaycan, Türkiyə və Gürcüstanın ABŞ-dakı səfirliklərinin dəstəyi və ABŞ-Azərbaycan Ticarət Palatası, Amerika-Gürcüstan Biznes Şurası və Amerika-Türkiyə Şurasının birgə təşkilatçılığı ilə Corctaun Universitetində hər üç ölkənin istehsalı olan şərab məmulatlarının təqdimatı və dequstasiyası keçirilib.

Tədbirdə ABŞ-ın hökumət rəsmiləri, diplomatik korpusun nümayəndələri, eləcə də şərabçılıq məmulatları üzrə ekspertlər, distributorlar və mətbuat nümayəndələri iştirak ediblər.

ABŞ-Azərbaycan Ticarət Palatasının icraçı direktoru Süsən Sadıqova Azərbaycanda şərab istehsalının zəngin tarixə və ənənəyə malik olduğunu qeyd edib, ölkəmizdə istehsal edilən müxtəlif növ şərab məmulatlarının rəqabətin güclü olduğu ABŞ bazarına ixracı ilə bağlı yerli istehsalçıların imkanlarından danışıb.

Sonra səfir Elin Süleymanov çıxış edərək Azərbaycan, Türkiyə, Gürcüstan arasında yaranmış və getdikcə möhkəmlənən strateji tərəfdaşlıqdan söhbət açıb. O, bu kimi tədbirin ölkələrimiz arasında hər bir sahədə əməkdaşlığın mümkünlüyünün bariz nümunəsi olduğunu söyləyib. Səfir Azərbaycanın zəngin neft və təbii qaz ehtiyatlarına malik ölkə kimi tanındığını, bununla belə əsas prioritetin bu ehtiyatların ixracından əldə edilən gəlirlər əsasında qeyri-neft sektorunun inkişaf etdirilməsi olduğunu bildirib. Bu xüsusda, Azərbaycan diplomatı qeyri-neft məhsullarının ixracının stimullaşdırılması, o cümlədən ölkəmizdə istehsal olunan şərab məmulatlarının ABŞ-a ixracının təşviqi və bu sahədə iki ölkənin işgüzar dairələri arasında yeni əlaqələrin qurulması baxımından tədbirin xüsusi əhəmiyyət daşıdığını iştirakçıların diqqətinə çatdırıb.

Tədbirdə Gürcüstan səfiri Arçil Qeqeşidze, Türkiyə səfirinin müavini Tuqay Tunçer, Amerika-Gürcüstan Biznes Şurasının prezidenti Mamuka Tsereteli və Amerika-Türkiyə Şurasının prezidenti Hovart Qaret Bisley çıxış edərək hər üç ölkə arasında mövcud dostluq və əməkdaşlıq əlaqələrindən danışıb, tədbirin Azərbaycan, Gürcüstan və Türkiyə istehsalı olan şərab məmulatlarının ABŞ istehlakçıları arasında tanıdılması üçün yaxşı imkan olduğunu qeyd ediblər.

Tədbirdə iştirak edən qonaqlar ölkəmizin istehsalı olan şərablara böyük maraq göstərib və onlara layiqincə qiymət veriblər. Qonaqlara, həmçinin Azərbaycan mədəniyyətini və milli adət-ənənələrini əks etdirən əyani vəsaitlər göstərilib.