YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

BMT-nin İnsan Hüquqları Şurasının xüsusi məruzəçisi Təhlükəsizlik Şurasını Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qəbul etdiyi qətnamələrin icrasını təmin etməyə çağırmışdır


BMT Təhlükəsizlik Şurasının “Məcburi köçkünlərin müdafiəsi: Çağırışlar və Təhlükəsizlik Şurasının rolu” mövzusunda “Arria formulası” çərçivəsində qeyri-rəsmi iclası keçirilmişdir.

Avstraliya və Çilinin təşəbbüsü ilə keçirilən iclasda bu ilin may ayında ölkəmizdə səfərdə olmuş BMT-nin İnsan Hüquqları Şurasının məcburi köçkünlərin hüquqları üzrə xüsusi məruzəçisi Çaloka Beyani də çıxış etmişdir. O, Azərbaycana səfəri haqqında danışmış, BMT Təhlükəsizlik Şurasını Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qəbul etdiyi qətnamələrin icrasını təmin etməyə çağırmışdır.

İclasda Çilinin BMT yanında daimi nümayəndəsinin açılış nitqindən sonra məruzələr dinlənilmiş, suallar cavablandırılmışdır. Məruzələrdə bildirilmişdir ki, dünyada 33,3 milyon məcburi köçkün vardır. Ötən illərdə onlardan yalnız bir milyonu öz evlərinə qayıda bilmişdir. Diqqətə çatdırılmışdır ki, beynəlxalq hüquq – 1949-cü il IV Cenevrə Konvensiyası, Beynəlxalq Cinayət Məhkəməsinin Roma statusu, Təhlükəsizlik Şurasının qətnamələri, Kampala Konvensiyası regional məcburi köçürülməni qadağan edir. Beynəlxalq Cinayət Məhkəməsinin Roma statusu isə məcburi köçürülməni insanlığa qarşı cinayətlər sırasına daxil edir. Təəssüflə bildirilmişdir ki, beynəlxalq öhdəliklər, o cümlədən Kampala Konvensiyası yerinə yetirilmir. Buna görə də Təhlükəsizlik Şurası böhranların köklü səbəblərinin təhlil edilməsinə daha çox diqqət ayırmalı və humanitar tədbirlərini artırmalıdır. Həmçinin Təhlükəsizlik Şurası hərbi məqsədlərə nail olunması üçün məcburi köçürülmə amilindən istifadə edilməsi hallarını araşdırmalı, onlara hüquqi və siyasi qiymət verilməlidir. Vurğulanmışdır ki, məcburi köçürülmə problemini həll etmədən davamlı sülhə nail olmaq qeyri-mümkündür.

BMT-nin İnsan Hüquqları Şurasının xüsusi məruzəçisi Çaloka Beyani çıxışında 20 ildir məcburi köçürülmə problemi ilə üzləşmiş Azərbaycana bu yaxınlarda səfər etdiyini xatırlatmışdır. Səfəri haqqında ətraflı məlumat verən Ç.Beyani vurğulamışdır ki, BMT Təhlükəsizlik Şurası Dağlıq Qarabağ problemi ilə bağlı qəbul etdiyi qətnamələrin icrasını təmin etməlidir.

İclasda çıxış edən Azərbaycan nümayəndələri Ermənistanın hərbi təcavüzü nəticəsində ölkəmizdə insanların üzləşdikləri məcburi köçürülmə problemi haqqında məlumat vermişlər.

Avstraliyanın BMT yanında daimi nümayəndəsi isə çıxışında Azərbaycanın BMT Təhlükəsizlik Şurasına iki illik üzvlüyü dövründə uğurlu fəaliyyətini, Şuranın işinə verdiyi töhfələri qeyd etmişdir.