YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan ilə Tacikistan arasında dini-mənəvi sahədə əlaqələr müzakirə edilib

Fevralın 9-da Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə Tacikistanın Azərbaycandakı səfiri Zohir Saidov ilə görüşüb.

QMİ-nin mətbuat xidmətindən bildiriblər ki, görüşdə Azərbaycan ilə Tacikistan arasında ənənəvi dostluq və qardaşlıq münasibətləri barədə danışılıb, xüsusən tarixi dini-mənəvi əlaqələrdən söhbət açılıb. Bildirilib ki, xalqlarımız arasında dini-mənəvi sahədə yaxınlıq, mədəni əlaqələr qardaş dövlətlərimiz arasında bütün sahələr üzrə münasibətlərin inkişafına müsbət təsir göstərir. Dövlət başçılarımızın dostluq münasibətlərinin, qarşılıqlı səfərlərinin bu sahədə böyük əhəmiyyət kəsb etdiyini bildirən şeyxülislam A.Paşazadə ölkəmizdə multikultural dəyərlərə verilən diqqətdən söhbət açıb.

Daha sonra QMİ sədri Tacikistana səfərləri, iştirak etdiyi beynəlxalq tədbirlər, habelə Tacikistan Prezidenti Emoməli Rəhmon ilə görüşləri barədə xoş xatirələrini bölüşüb, səfirdən Tacikistanın dövlət başçısına və müftisinə səmimi salamlarını və xoş arzularını yetirməyi xahiş edib.

Səfir Z.Saidov Qafqazın dini lideri şeyxülislam A.Paşazadə ilə görüş fürsətindən məmnun, onun beynəlxalq miqyasda nüfuzu barədə məlumatlı olduğunu bildirib. O, QMİ sədrinin Mərkəzi Asiya ölkələri, o cümlədən Tacikistanla dini-mənəvi sahədə dostluq və əməkdaşlıq münasibətlərinin böyük əhəmiyyət daşıdığını diqqətə çatdırıb. Bu əlaqələrin qardaş dövlətlərimiz üçün böyük önəm kəsb etdiyini bildirən səfir həmin münasibətlərin bundan sonra da inkişaf etdirilməsinin zəruriliyini vurğulayıb.