YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Yaxın bir ay ərzində Azərbaycana 70 yük vaqonu gətiriləcək

2015-ci ilin mart ayında “Azərbaycan Dəmir Yolları” QSC ilə Rusiya Federasiyasının F.Dzerjinski adına “Uralvaqonzavod” Elmi-İstehsal Korporasiyası arasında 3100 müxtəlif təmayüllü yük vaqonunun alınması ilə bağlı müqavilə imzalanıb, artıq bu günə kimi ölkəyə 3030 yeni yük vaqonu gətirilib. Qalan 70 vaqonun da yaxın bir ay ərzində gətirilməsi nəzərdə tutulur.

“Azərbaycan Dəmir Yolları” QSC-nin mətbuat xidmətindən bildirilib ki, son vaxtlar beynəlxalq maliyyə qurumları ilə daha da intensivləşən ikitərəfli və çoxtərəfli əlaqələr dəmir yolunda islahatların aparılmasına öz müsbət təsirini göstərir. “Azərbaycan Dəmir Yolları” QSC-i müxtəlif beynəlxalq layihələrin fəal iştirakçısı olmaqla, onların həyata keçirilməsinə də ciddi yanaşır. Bu yöndə XXI əsrin əsas tikintilərindən olan və təkcə üç xalqı və üç ölkəni deyil, həmçinin onlarla xalq və ölkə arasında körpü rolunu oynayacaq Bakı-Tbilisi-Qars dəmir yolu xətti bağlantısının reallaşması istiqamətində işlər sürətlə davam edir. Bu il bağlantının istismara verilməsi gözlənilir.

Azərbaycanın önəm verdiyi digər beynəlxalq nəqliyyat layihələrindən biri də “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizidir. Ölkənin tranzit potensialının artırılması istiqamətində görülən işlər "Şimal-Cənub" Beynəlxalq Nəqliyyat Dəhlizinin ölkəmizin ərazisindən keçən hissəsində işlərin sürətləndirilməsini zəruri edir. Bu məqsədlə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 7 dekabr 2015-ci ildə “Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin Azərbaycan Respublikasının ərazisindən keçən hissəsində işlərin sürətləndirilməsi haqqında” Sərəncam imzalayıb.

Paytaxtımızın giriş qapısı sayılan Bakı sərnişin vağzalının yüksək səviyyədə, müasir dövrün tələblərinə cavab verməsi üçün burada yenidənqurma işlərinin görülməsinə ehtiyac yaranıb. Son bir ilin ən uğurlu işlərindən biri Bakı sərnişin vağzalında yenidənqurma işlərinə start verilməsi olub. Vağzalın əsas binasının fasadı, memarlıq üslubunun saxlanması şərti ilə, yenidən qurulacaq, vağzal binasının daxilində tam yenidənqurma işləri görüləcək. Bilet kassaları, saxlama kameraları, sərnişin platformaları müasir üslubda əsaslı təmir olunacaq, eskalatorlar yenisi ilə əvəzlənəcək. Hazırda təmir işləri sürətlə davam edir. Yenidənqurma işləri bu il başa çatdırılıcaq.

Bakı və Sumqayıt şəhərləri arasında mövcud olan sərnişin sıxlığını, eləcə də avtomobil yolunda olan tıxac problemini aradan qaldırmaq üçün bu iki şəhər arasında bir zamanlar mövcud olan dəmir yolu əlaqəsini yaratmaq zamanın tələbi idi. Bunun üçün, ilk növbədə, dəmir yollarının əsaslı təmirinə ehtiyac var idi.

Ötən il martın 3-də Bakı-Xırdalan-Sumqayıt sərnişin sahəsində 63 kilometr uzunluğunda baş yolların əsaslı təmirinə start verilib, sentyabrın 2-də işlər başa çatdırılıb. Layihə çərçivəsində Bakı sərnişin, Keşlə, Xırdalan, Sumqayıt sərnişin stansiyalarının stansiya yolları və yoldəyişənləri yenilənib, Bakı-sərnişin və Sumqayıt-sərnişin stansiyalarında turnıketlər və POS-terminallar quraşdırılıb.