YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Prezident İlham Əliyev: Qloballaşma şəraitində Azərbaycan ədəbiyyatı qarşısında duran problemlər olduqca mürəkkəb və genişmiqyaslıdır

"Sizi, bütün Azərbaycan yazıçı, şair və ədəbiyyatşünaslarını Azərbaycan Yazıçılar Birliyinin 80 illik yubileyi münasibətilə səmimi qəlbdən təbrik edir, hamınıza cansağlığı, xoşbəxtlik və yaradıcılığınızda uğurlar arzu edirəm. Tarix boyu Azərbaycan xalqı əcdadlarımızdan qalmış ənənəyə sadiq olaraq, qələm əhlinə böyük ehtiram bəsləmiş, şeiri, sənəti yüksək qiymətləndirmişdir”. Prezident İlham Əliyev Azərbaycan Yazıçılar Birliyinin 80 illik yubileyi münasibətilə ünvanladığı təbrik məktubunda belə deyilir. Təbrik məktubunu yubiley tədbirində Prezident Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdiri Fatma Abdullazadə oxuyub.

Prezident İlham Əliyev qeyd edib ki, yazıçı və şairlərimiz ictimai fikrin formalaşdırılmasında daim həlledici rol oynayan söz sahibi kimi cəmiyyətimizdə böyük nüfuza malikdirlər: "Müstəqilliyimizin əldə olunmasında və möhkəmləndirilməsində onların xidmətləri danılmazdır. Xalqın şüurunda azadlıq hisslərinin yaşadılmasında, daha da güclənməsində yazıçı və şairlərimizin yaradıcılığının gücü ölçüyəgəlməzdir. Onlar heç kəsin dilinə gətirməyə cürət etmədiyi bir vaxtda müstəqillik ideyalarının carçısı olmaqla dərin məhəbbət və rəğbət qazanmışlar".

Dövlət başçısı bildirib ki, tariximizin bütün dövrlərində, hətta represiyaların tüğyan etdiyi zamanda yazıçılarımız öz əsərləri, mətbu orqanları, ictimai fəaliyyətləri və şəxsiyyətləri ilə Azərbaycanımızın məfkurəsinin bərqərar olmasında, milli ruhun qorunmasında heç nədən çəkinmədən, əsl vətəndaşlıq mövqeyi tutaraq ən yüksək ideallara sadiq qaldılar: "Azərbaycan dilinin inkişafında da yazıçıların rolu tədqirəlayiqdir. Qloballaşma şəraitində Azərbaycan ədəbiyyatı qarşısında duran problemlər olduqca mürəkkəb və genişmiqyaslıdır. Əminəm ki, siz onların öhdəsindən layiqincə gələcəksiniz. İlk növbədə ona görə ki, sizin başlıca amalınız ölkəmizin çiçəklənən, inkişaf edən, firavan və qüdrətli bir dövlətə çevrilməsidir. Ümidvaram ki, müstəqilliyimizi göz bəbəyi kimi qoruyan, özünü vətənin azadlığı və ərazi bütövlüyü naminə fəda etməyə belə hər an hazır olan, müasir təfəkkür tərzinə malik sağlam əqidəli nəslin yetişdirilməsi daim sizin əsərlərinizin əsas qayəsi olacaqdır. İnanıram ki, siz yeni-yeni əsərlər ilə oxucuları sevindirəcək, Azərbaycan ədəbiyyatının inkişafı naminə səylərinizi əsirgəməyəcəksiniz".