YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Mədəniyyət və turizm naziri İstanbulda keçirilən Dünya Turizm Forumunda iştirak edir

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin rəhbərlik etdiyi nümayəndə heyəti fevralın 4-də İstanbulda öz işinə başlayan Dünya Turizm Forumunda iştirak edir.

Mədəniyyət və Turizm Nazirliyindən bildirilib ki, tədbirə Dünya Turizm Forumunun prezidenti Bulut Bağcı, TURSAB-ın prezidenti Başaran Tanzer, Türkiyənin mədəniyyət və turizm naziri Mahir Ünal və turizm sənayesinin bir çox tanınan nümayəndələri qatılıb.

Forumda çıxış edən nazir Ə.Qarayev Azərbaycanda turizmin qeyri-neft sektoru arasında artan payı və bu istiqamətdə dövlət tərəfindən həyata keçirilən bir sıra layihələr barədə məlumat verib.

Ölkəmizdə turizmin prioritet sahələrdən olduğunu söyləyən nazir turizmin müxtəlif növlərinin inkişafı istiqamətində bir sıra işlərin görüldüyünü bildirib. Mədəni, sağlamlıq və işgüzar turizm sahələrinin turistlərin cəlb olunması baxımından xüsusi rolu qeyd edilib.

Turizmin inkişafı istiqamətində həyata keçirilən islahatlardan bəhs edən Ə.Qarayev Azərbaycanda 2016-2025-ci illər üçün turizmin inkişaf strategiyasının hazırlandığını diqqətə çatdırıb.

Azərbaycanın nüfuzlu beynəlxalq tədbirlərə ev sahibliyi etdiyini bildirən nazir 2015-ci ildə Bakıda keçirilən birinci Avropa Oyunları, həmçinin 2016-cı ildə təşkil ediləcək “Formula-1” üzrə Avropa Qran-prisi, 2017-ci ildə keçiriləcək İslam Həmrəylik Oyunlarının turizmin inkişafı üçün mühüm addım olduğunu vurğulayıb.

Ə.Qarayev, həmçinin turizmin əsas amillərindən olan elektron viza tətbiqindən, yeni otellərin açılmasından, bu sahədə beynəlxalq əməkdaşlıqdan, turizm təhsilindən, aparılan təbliğat işlərindən danışıb.

Qeyd edək ki, tədbir çərçivəsində nazirlərin görüşü keçirilib. Türkiyənin mədəniyyət və turizm naziri Mahir Ünal və Ə.Qarayev ölkələrimiz arasındaki sıx mədəniyyət və turizm əlaqələrinin daha da inkişaf etdirilməsi və qarşılıqlı birgə layihələrin həyata keçirilməsi barədə fikir mübadiləsi aparıblar.

Fevralın 6-dək davam edəcək tədbirdə müxtəlif mövzular üzrə çıxışlar nəzərdə tutulub.