YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Əli Abbasov İranda həmkarı ilə ölkələrimiz arasında informasiya-kommunikasiya texnologiyaları sahəsində əməkdaşlıq məsələlərini müzakirə etdilər

Azərbaycan Respublikasının rabitə və yüksək texnologiyalar naziri Əli Abbasovun rəhbərliyi ilə İran İslam Respublikasına səfərə gəlmiş geniş tərkibli nümayəndə heyəti iyunun 17-də bu ölkənin İnformasiya Texnologiyaları və Rabitə Nazirliyində olmuşdur.

Nazir Əli Abbasov İranın informasiya texnologiyaları və rabitə naziri, Azərbaycan ilə İran arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə dövlətlərarası müştərək komissiyanın həmsədri Mahmud Vazai ilə görüşmüşdür.

Görüşdə iki ölkə arasında əlaqələrin daha da inkişaf etdirilməsi, informasiya texnologiyaları sahəsində fəaliyyət göstərən özəl şirkətlərin əməkdaşlıq imkanları müzakirə edilmişdir. Həmçinin ümumi maraq doğuran məsələlərə toxunulmuş, qarşılıqlı faydalı əməkdaşlığın perspektivləri barədə fikir mübadiləsi aparılmışdır.

Görüşdən sonra nazirlər Azərbaycanın və İranın özəl və dövlət şirkətlərinin təmsilçilərinin iştirak etdikləri informasiya-kommunikasiya texnologiyaları üzrə ikitərəfli forumun açılışında çıxış etmişlər.

Əli Abbasov son illərdə Azərbaycanın əldə etdiyi iqtisadi uğurlardan danışmış, rəsmi Bakının dost və qonşu İran dövləti ilə bütün sahələrdə əlaqələrin inkişaf etdirilməsində maraqlı olduğunu vurğulamışdır.

Qeyd olunmuşdur ki, əlaqələrin genişləndirilməsi üçün böyük potensial mövcuddur və bu potensialdan istifadə etmək lazımdır. Azərbaycan hökuməti özəl şirkətlərin əməkdaşlığına hər zaman dəstək verməyə hazırdır.

İranın informasiya texnologiyaları və rabitə naziri Mahmud Vazai çıxış edərək forumun işinə uğurlar arzulamışdır.

Forumda informasiya-kommunikasiya texnologiyaları sahəsində əməkdaşlığın perspektivləri və təcrübə mübadiləsinin aparılması məsələləri müzakirə olunmuşdur.