YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Cənub Qaz Dəhlizi Vaşinqtonda keçirilmiş müzakirələrin diqqət mərkəzində olub

Vaşinqtonda ABŞ-ın nüfuzlu analitik mərkəzlərindən olan Atlantik Şuranın təşkil etdiyi “Qara dəniz regionu və ətraf bölgələr üzrə Qərbin enerji strategiyasının hazırlanması” başlıqlı tədbirdə Avropanın enerji təhlükəsizliyindən bəhs edilib və bu mənada xüsusilə Cənub Qaz Dəhlizi müzakirələrin diqqət mərkəzidə olub. Tədbir zamanı Cənub Qaz Dəhlizinin yaxın gələcəkdə Avropa qitəsinin qaz təchizatının diversifikasiyasına real surətdə töhfə verə biləcək əsas layihə olduğu vurğulanıb və həmin təşəbbüsün həyata keçirilməsini şərtləndirən mühüm amillərdən biri kimi iştirakçı ölkə və şirkətlərin nümayiş etdirdikləri qətiyyətli iradə qeyd edilib.

Atlantik Şuranın Dinu Patrisiu adına Avrasiya Mərkəzinin direktoru səfir Con Herbstin açılış nitqinin ardınca tədbirdə məruzə ilə çıxış edənlər arasında Azərbaycanın Amerika Birləşmiş Ştatlarındakı səfiri Elin Süleymanov da olub. Azərbaycan diplomatı ölkəmizin fəal iştirakı ilə həyata keçirilən enerji layihələrindən söz açıb və Cənubi Qaz Dəhlizinin daşıdığı regional əhəmiyyətin üzəridə ayrıca dayanıb. O, unikal xarakterə malik bu layihənin ərsəyə gəlməsi üçün 7 ölkə və 11 şirkətin öz səylərini birləşdirdiklərini xatırladıb və onlar arasında mövcud olan möhkəm tərəfdaşlıq sayəsində bu günədək planlaşdırılan işlərin bir çox hallarda, hətta qrafikdən öncə irəlilədiyini bəyan edib. Səfir Cənub Qaz Dəhlizinin hər hansı ölkə, şirkət və ya digər bir layihəyə qarşı yönəlmədiyini və yalnız mövcud qaydalara uyğun şəkildə, Azərbaycan qazını Avropa enerji bazarına çatdırmaq və Avropanın enerji təhlükəsizliyinə töhfə vermək missiyasına xidmət etdiyini vurğulayıb.

Azərbaycan rəsmisi Cənub Qaz Dəhlizinin keçdiyi ölkələr arasında daha möhkəm bağların yaranması və daha geniş əməkdaşlığı stimul etdiyini qeyd edib. Bu mənada, Avropa və Asiya arasında nəqliyyat şəbəkəsinin təsis edilməsi üçün inşa olunan infrastruktur layihələri, o cümlədən Bakı-Tbilisi-Qars dəmir yolu xəttinə istinad olunub. Səfir, həmçinin bir neçə gün öncə Ukraynadan yola salınmış qatarın Azərbaycandan keçməklə, Çinə üz tutması faktını açıqlayıb və enerji ilə yanaşı, Azərbaycanın beynəlxalq tranzit potensialını tədbir iştirakçılarının diqqətinə çatdırıb.

Tədbirin başlığı ilə eyni adlı hesabatın müəllifi olan Atlantik Şuranın qeyri-rezident tədqiqatçısı Aryel Koen də öz məruzəsində Cənub Qaz Dəhlizini yaxın gələcəkdə avropalı istehlakçılara yeni mənbədən qaz çatdıracaq yeganə layihə kimi xarakterizə edib. O, adları çəkilən bir çox layihələrdən fərqli olaraq, Cənub Qaz Dəhlizinin konkret olaraq inşa edilməkdə olduğunu vurğulayıb. Türkiyənin ABŞ-dakı səfirinin müavini Tuqay Tunçer də Cənub Qaz Dəhlizi ilə bağlı oxşar fikirləri bölüşərək, onun digər layihələrlə müqayisə edilməyəcək bir mərhələyə yetişdiyini deyib. Digər bir çıxışçı, “Frontera Resources” korporasiyasının təsisçisi Stiv Nikandros Azərbaycanın iştirakı ilə qurulmuş enerji infrastrukturunun regiona yeni sərmayəçilər cəlb etmək və nəticə etibarilə, regionu transformasiya etmək iqtidarında olduğunu söyləyib.

Bundan əlavə, tədbirin sual-cavab bölümündə enerji daşıyıcılarının hazırkı qiymətlərinin Cənub Qaz Dəhlizinin inşasına mümkün təsirinə dair sorğunu cavablandıran Elin Süleymanov bu qiymətlərdə dəyişikliyin periodik xarakter daşıdığını xatırladıb, bu dəyişikliyin Cənub Qaz Dəhlizinin inşasının yekunlaşması üçün heç bir şəkildə maneə yaratmadığını bildirib və bu inamın ölkəmizin davamlı olaraq nümayiş etdirdiyi etibarlılıqdan irəli gəldiyini qeyd edib.