YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Xəzər rayonunda 2 fevral Gənclər Günü münasibətilə tədbir keçirilib

Bu gün Zirə Mədəniyyət Mərkəzində YAP Xəzər rayon təşkilatı, Xəzər rayon İcra Hakimiyyəti, Xəzər İnkişaf Fondu və Xəzər rayon gənclər və idman idarəsinin birgə təşkilatçılığı ilə 2 fevral Gənclər Gününə həsr olunmuş tədbir keçirilib.

Tədbirdə çıxış edən YAP Xəzər rayon təşkilatının sədri, partiyanın Siyasi Şurasının üzvü Namiq Əhmədov Azərbaycanda uğurlu gənclər siyasətinin həyata keçirildiyini bildirib. Onun sözlərinə görə, əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulan bu siyasət hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. N.Əhmədov YAP Xəzər rayon təşkilatının sıralarında xeyli sayda gənclərin birləşdiyini deyib və onların rayonun ictimai-siyasi həyatında aktiv iştirak etdiklərini diqqətə çatdırıb.

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədr müavini Rauf Əliyev çıxış edərək 2 fevral Gənclər Günü münasibətilə gəncləri təbrik edib. O qeyd edib ki, bir neçə gün öncə gənclərin bir qrupu ilə görüşən Prezident İlham Əliyev Azərbaycan gənclərinə bir sıra tövsiyyələr verib: «Dövlət başçısı qeyd edib ki, bizim əsas vəzifəmiz ərazi bütövlüyümüzün bərpasıdır, tarixi torpaqlarımıza qayıtmaqdır. Cənab Prezident həmçinin, bildirib ki, indi əsas məqsəd ölkəmizdəki inkişafın dayanıqlı olmasını təmin etməkdir və bu məsələdə gənclərin fəaliyyəti onların baxışları həlledici rol oynamalıdır. Dövlət başçısı gənclərə milli dəyərlərimizi hər şeydən üstün tutmağı, vətənpərvərlik və mənəvi məsələlərdə hər zaman prinsipial olmağı, gənclərin bundan sonra da ölkəmizin inkişafına xidmət edəcəklərinə əminliyini bildirib. Xəzər rayon gəncləri də dövlət başçısının bu tövsiyələrinə əməl edərək rayonun sosial-iqtisadi, ictimai-siyasi, mədəni və idman həyatında daha da fəal iştirak edirlər və bundan sonra da edəcəklər. Bunun üçün rayonumuzda hər cür şərait yaradılıb. Gənclər rayon iqtisadiyyatının bütün sahələrində o cümlədən sənaye, tikinti, nəqliyyat və xidmət sahələrində, sosial sahələrdə o cümlədən təhsil, səhiyyə, mədəniyyət və idman sahələrində geniş təmsil olunurlar.

Tədbirdə həmçinin, Xəzər rayon, İcra Hakimiyyəti başçısının müavini Arif Balayev və rayon gənclər və idman idarəsinin rəisi Vüqar Əliyev çıxış edərək gənclər sahəsində görülən işlərlə bağlı fikirlərini bildiriblər.

Daha sonra rayonun bir qrup gənclərinə fəxri fərmanlar və YAP sıralarına yeni qoşulmuş gənclərə üzvlük vəsiqələri təqdim olunub.

Tədbir konsert proqramı ilə işini başa vurub.