YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Romada Azərbaycan-İtaliya Gənclər Assosiasiyasının təsis konfransı keçirilmişdir

Romanın nüfuzlu ali təhsil müəssisələrindən olan LUİSS Guido Carlo Universitetində ölkəmizin İtaliyadakı səfirliyinin təşəbbüsü ilə Azərbaycan-İtaliya Gənclər Assosiasiyasının təsis konfransı keçirilmişdir.

Konfransda İtaliyanın TG5 televiziya kanalının jurnalisti, moderator Luigi De Biase iştirakçılara Azərbaycan haqqında ətraflı məlumat vermiş, ölkələrimiz arasındakı əlaqələrin tarixindən və hazırda mövcud olan dinamik əməkdaşlıqdan danışmışdır.

İtaliyada fəaliyyət göstərən ən böyük gənclər təşkilatlarından olan “Giovani nel Mondo”nun prezidenti xanım Daniela Konte çıxış edərək ötən il iyunun 25-dən iyulun 2-dək Azərbaycana səfəri çərçivəsində keçirdiyi görüşlər barədə ətraflı məlumat vermişdir. Bildirmişdir ki, səfərdən qayıdarkən təşkilat üzvlərində Azərbaycan barədə xüsusi jurnalın hazırlanaraq İtaliya ictimaiyyətinə təqdim edilməsi təşəbbüsü yaranmışdır.

Sonra “Giovani ne Mondo” təşkilatının üzvləri tərəfindən hazırlanmış “Azerbaigian: Un paese di opportunità” (Azərbaycan: bir imkanlar ölkəsi) adlı xüsusi jurnalın təqdimatı keçirilmişdir.

Yeni təsis edilmiş Azərbaycan-İtaliya Gənclər Assosiasiyasının prezidenti xanım Manuela Sessa çıxış edərək, yaranmış təşkilatın nizamnaməsi barədə məlumat vermiş və gələcək iş planından söz açmışdır.

Tədbirdə Azərbaycanda səfərdə olan bir sıra italiyalı gənclər və tələblər çıxış edərək ölkəmizin müstəqilliyinin bərpasından sonra qısa müddət ərzində sürətli inkişafı, burada dövlət tərəfindən gənclərə göstərilən diqqət və qayğı baradə fikirlərini bölüşmüşlər.

Azərbaycanın İtaliyadakı səfiri Vaqif Sadıqov ölkəmiz barədə hazırlanmış xüsusi jurnalın işıq üzü görməsi münasibətilə təşəbbüskarları təbrik etmiş, yeni təsis olunmuş təşkilatın rəhbərinə və üzvlərinə uğurlar arzulamışdır.