YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Dövlət Sosial Müdafiə Fondunda 20 Yanvar faciəsinin 26-cı ildönümünə həsr olunmuş tədbir keçirilib

Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunda 20 Yanvar faciəsinin 26-cı  ildönümünə həsr olunmuş anım mərasimi keçirilib. Şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi başlanan tədbirdə çıxış edən Fondun sədri Elman Mehdiyev 20 Yanvar hadisələrinin ölkəmizin azadlığı və ərazi bütövlüyü uğrunda aparılan mübarizə tarixinə əbədi qəhrəmanlıq səhifəsi kimi daxil olduğunu vurğulayıb: “26 il bundan əvvəl Bakıda törədilən qırğın Azərbaycan xalqının milli azadlıq mübarizəsini boğmaq məqsədi daşısa da, bu qanlı hadisə xalqımızın müstəqillik əzmini qıra bilməyib və Azərbaycanın müstəqillik qazanmasına təkan verib. O dövrdə xalqımızın başına gətirilən bu qanlı faciəyə ilk siyasi-hüquqi qiyməti verən, həmin vaxt həyatına olan təhlükələrdən çəkinməyərək, sovet hakimiyyətinin cinayətkar əməlinə etiraz edən ümummilli lider Heydər Əliyev oldu.”

E.Mehdiyev ulu öndər Heydər Əliyevin 1990-cı il yanvarın 21-də sovet rejiminin qadağalarına baxmayaraq, həyatını təhlükə qarşısında qoymaqla, öz ailə üzvləri ilə birgə Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək, qanlı faciənin təşkilatçılarını dünya ictimaiyyəti qarşısında ittiham etdiyini diqqətə çatdırıb. Bildirib ki, ümummilli lider yenidən siyasi rəhbərliyə qayıtdıqdan sonra, 1994-cü ildə Qanlı yanvar hadisələrinə tam siyasi-hüquqi qiymət verilib, eyni zamanda, faciənin günahkarlarının adları açıq şəkildə göstərilib.

20 Yanvar hadisələrində şəhid olmuş şəxslərin ailələrinin, bu hadisələr zamanı əlil olmuş vətəndaşların dövlətin hərtərəfli qaygısı ilə əhatə olunduğunu vurğulayan Fond sədri deyib ki, ulu öndər Heydər Əliyev tərəfindən xalqımızın 1990-cı ilin 20 Yanvar faciəsinə əsl hüquqi qiymət verilməsi ilə yanaşı, “20 Yanvar  şəhidi” fəxri adı təsis edilib və bu faciənin qurbanlarının sosial müdafiəsi xususi nəzarətə götürülüb. Eyni zamanda, şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında, həlak olanların ailələrinə yardım edilməsi istiqamətində müxtəlif fərman və sərəncamlar verilib. Bu faciənin qurbanlarının sosial müdafiəsi ilə bağlı dövlət siyasəti cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməkdədir.

Anım mərasimi  20 Yanvar faciəsinə həsr olunmuş sənədli filmin nümayişi ilə başa çatıb.