YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Novruz Məmmədov: Azərbaycan haqq mövqeyini sona qədər müdafiə etməyə qadirdir

Azərbaycan-ABŞ münasibətləri müstəqillik illərimizdə uğurlu və zəngin yol keçib, əməkdaşlıq əlaqələri həmişə əhəmiyyətini saxlayıb.

Azərbaycan Respublikası Prezidenti Administrasiyası rəhbərinin müavini, xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov bu sözləri mətbuata müsahibəsində bildirib. Prezident Administrasiyasının rəsmisi deyib ki, bu münasibətlər təsadüfi maraqlar üzərində qurulmayıb. Azərbaycan postsovet məkanında Birləşmiş Ştatlar və Avropa ölkələri ilə uğurlu əməkdaşlıq edən bir dövlətdir. Bu münasibətlərin əsasını ümummilli lider Heydər Əliyev qoyub və indi Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Əlbəttə qarşılıqlı sıx əlaqələr olan yerdə problemlər də olur. Bu gün dünyada, xüsusilə, XXI əsrin ilk onilliklərində bütün dövlətlərin rəhbərləri çalışırlar ki, özlərinin dövlətçilik və milli maraqlarını maksimum müdafiə etsinlər. Bu halda dövlətlər arasında müxtəlif problemlər yarana bilər. Odur ki, münasibətlərin belə xarakter alması təbii və məntiqidir. Çünki Azərbaycan Prezidentinin də əsas vəzifəsi milli maraqlarımızın qorunması və müdafiə edilməsidir.

Prezident Administrasiyası rəhbərinin müavini deyib: “Mən həmişə qeyd etmişəm ki, Azərbaycan xalqı müstəqillik illərində uğurlu dövlətçilik yolu keçib. Azərbaycan Prezidenti bu yolu uğurla davam etdirir. Dövlətimizin başçısı bunu xalqa arxalanaraq edir. Bu bizim hamımızın vəzifəsidir. Əlbəttə dövlətlər arasında müəyyən zamanlarda müəyyən problemlər olur. Bu halda hər hansı bir təkid, hər hansı bir mövqe göstərməyə ehtiyac yaranır. Biz haqqımızı, ədalətli yanaşmanı tələb edirik. Bu gün dünyada hər bir dövlət öz maraqları üçün açıq-aydın mübarizəyə qalxıb. Bizim milli dövlətçilik maraqlarımızın təmin olunmasının əsas amillərindən biri də pozulmuş ərazi bütövlüyümüzün bərpasıdır”.

Dünyada oxşar hadisələrin baş verdiyini vurğulayan Novruz Məmmədov qeyd edib ki, Azərbaycan haqq mövqeyini sona qədər müdafiə etməyə qadirdir. Prezident İlham Əliyev və ABŞ Milli Təhlükəsizlik Şurasının Avropa üzrə baş direktoru Çarlz Kapça arasında görüşə diqqət çəkən Prezident Administrasiyasının rəhbərinin müavini görüşdə qarşılıqlı anlaşma istiqamətində mühüm addımların atıldığını bildirib. Bu səfərin ilin əvvəlində baş tutmasının çox böyük rəmzi mənası və mesaj xarakteri var. Bu o deməkdir ki, ABŞ Azərbaycan ilə əlaqələrinə həmişə çox böyük əhəmiyyət verir, bu əməkdaşlığın daha da genişlənməsinə və möhkəmlənməsinə diqqət yetirir. Azərbaycan tərəfi də bu ölkə ilə əlaqələrinin inkişafını daim diqqət mərkəzində saxlayır. Azərbaycan Prezidenti öz çıxışlarında bunu həmişə bəyan edir. Biz ABŞ və Avropa İttifaqı ilə əlaqələrimizi təsadüfən seçməmişik. Bu düşünülmüş bir seçimdir. Biz bu yolu uğurla davam etdirmək istəyirik.

Azərbaycanın ABŞ üçün həmişə mühüm, vacib və böyük əhəmiyyət daşıyan tərəfdaş olduğunu deyən Novruz Məmmədov Prezident İlham Əliyevin Prezident Barak Obama tərəfindən Vaşinqtonda keçiriləcək dördüncü Nüvə Sammitinə dəvət olunmasına da münasibət bildirib. Dəvət məktubunun məzmunu bundan ibarətdir ki, Azərbaycan başqa sahələrdə olduğu kimi, nüvə təhlükəsizliyi sahəsində də dünyada çox fəal mövqe tutur, bu işə çox böyük töhfələr verir. ABŞ Prezidenti məktubunda bunu təqdirəlayiq bir hal hesab edir.

“Əsrin müqaviləsi”nin imzalanmasından tutmuş enerji xətlərinin şaxələndirilməsinə qədər ABŞ-ın Azərbaycana böyük dəstəyi olduğunu vurğulayan Prezident Administrasiyası rəhbərinin müavini iki ölkə arasında terrorizmə qarşı mübarizə sahəsində də çox uğurlu əməkdaşlıq aparıldığını qeyd edib. Azərbaycanın müxtəlif yerlərdə sülhyaratma missiyalarına qoşulduğunu və bu gün Əfqanıstanda həmin missiyanı davam etdirildiyini diqqətə çatdırıb. “Azərbaycan elə regionda yerləşir ki, həmişə strateji əhəmiyyət daşıyan dövlət olaraq qalacaq”,- deyən Novruz Məmmədov vurğulayıb ki, ölkəmiz bu əməkdaşlığı bərabərhüquqlu, qarşılıqlı faydalı olmasını istəyir və bunu nail olur. Bu əlaqələrin bundan sonra da inkişaf etdirilməsinə gəlincə, bunun üçün qarşılıqlı inam və istək var.