YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ötən il dövlət və özəl toxumçuluq təsərrüfatları üzrə 169 min ton taxıl toxumu istehsal edilib

Yanvarın 15-də Kənd Təsərrüfatı Nazirliyində Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidməti tərəfindən 2015-ci ildə görülmüş işlər və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş geniş kollegiya iclası keçirilib. İclasda nazirliyin şöbə müdirləri, müvafiq qurumlarının rəhbərləri və rayon toxum müfəttişləri iştirak ediblər.

Nazirliyin mətbuat xidmətindən bildiriblər ki, kollegiyada çıxış edən Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidmətinin rəisi Möhtəsim Əhmədov 2015 ildə toxumçuluq sistemində mövcud vəziyyət və qarşıda duran vəzifələr barədə geniş məlumat verib. Bildirilib ki, ölkədə aparılan toxumçuluq siyasətinin əsas məqsədi daxili toxum bazarını keyfıyyətli, yüksək məhsuldar bitki sortlarının toxumları və tingləri ilə təmin etməkdən ibarətdir. Bu vəzifənin həyata keçirilməsində özəl toxumçu və ting istehsalçılarının fəaliyyəti xüsusi əhəmiyyətə malikdir. “2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı” və “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadı inkişafına dair Dövlət Proqramı” üzrə həyata keçirilən Tədbirlər planlarında respublikada bitkiçiliyin, o cümlədən onun tərkib hissəsi olan toxumçuluğun inkişaf etdirilməsi, yüksək keyfıyyətli və məhsuldar toxumlara olan tələbatın ödənilməsi ilə bağlı tədbirlərin həyata keçirilməsi nəzərdə tutulub və bu istiqamətdə mühüm nailiyyətlər əldə olunub.

“Toxumçuluq haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq Nazirlər Kabineti tərəfindən təsdiq edilən kvota əsasında elmi-tədqiqat və digər müvafıq strukturların təcrübə təsərrüfatlarında tələb olunan miqdarda orijinal, super elit və elit toxumlarına çəkilən xərclər dövlət büdcəsinin vəsaiti hesabına ödənilir. Həmçinin 2007-ci ildən başlayaraq 1-ci və 2-ci reproduksiyalı toxumlar və ting istehsalına görə dövlət büdcəsinin vəsaiti hesabına subsidiya verilir. Bu tədbir respublikanın regionlarında toxumçuluq və tingçilik işlərinin genişləndirilməsi, kənd təsərrüfatı bitkilərinin toxumlarının və tinglərinin artırılması, toxumçuluq təsərrüfatlarının maddi-texniki bazalarının yaxşılaşdırılması istiqamətində öz müsbət təsirini göstərməkdədir. Dövlət qayğısından istifadə edən bütün növ toxum və ting istehsalçılarının istehsala marağı artıb, istər orijinal, super elit və elit toxumların, istərsə də 1-ci və 2-ci reproduksiyalı toxumların istehsalının genişləndirilməsi imkanları yüksəlib və bəzi bitki toxumlarına, xüsusən strateji əhəmiyyətə malik taxıl toxumuna olan tələbat əsasən daxili istehsal hesabına təmin olunub. Lakin bəzi hallarda torpaq mülkiyyətçiləri sort və səpin keyfıyyətləri məlum olmayan toxumlardan istifadə edirlər ki, bu da son nəticədə məhsuldarlığın kəskin azalmasına və məhsulun keyfıyyətinin pisləşməsinə səbəb olur.

2015-ci ilin məhsulu üçün toxumçuluq subyektləri tərəfindən əkilmiş 60,4 min hektar toxumluq taxıl sahəsində aprobasiya aparılıb və dövlət standartlarının tələblərinə cavab verməyən 18,5 min hektar sahə toxum dövriyyəsindən çıxarılıb, qalan 42 min hektar sahə biçilib və toxumlar təmizlənərək kondisiyaya çatdırılıb.

Ötən təsərrüfat ilində dövlət və özəl toxumçuluq təsərrüfatları üzrə cəmi 169 min ton taxıl toxumu istehsal edilib. İstehsal olunmuş taxıl toxumunun 119 min tonu buğda, 50 min tonu arpa toxumu olmaqla, cəmi toxumun 42 tonunu orijinal, 200,2 tonunu super elit, 1612 tonunu elit, 22,6 min tonunu R1, 43 min tonunu R2 və 100 min tondan çoxunu isə reproduksiyasız toxumlar təşkil edib. Toxum istehsalının 37,3 faizi özəl toxumçuluq təsərrüfatlarının, 1,5 faizi Aqrar Elm Mərkəzinin, 0,7 faizi DKTİM MMC-lərin, 60,5 faizi isə ayrı-ayrı fıziki və hüquqi şəxslərin payına düşür.

“Kənd təsərrüfatı bitkiləri toxumçuluğu ilə məşğul olan hüquqi və fıziki şəxslərin attestasiyadan keçirilməsi və toxum istehsalçılarının reyestrinə daxil edilməsi barədə” Əsasnamənin tələblərinə uyğun olaraq, 2015-ci il ərzində 54 fiziki və hüquqi şəxs toxum istehsalçılarının reyestrinə daxil edilib. Ümumiyyətlə, respublika üzrə cəmi 354 toxumçuluq subyekti toxum və ting istehsalı ilə məşğul olur.

Məlum olduğu kimi, Azərbaycan Respublikasının Prezidenti “Toxumçuluq haqqında” Qanunun 15-ci maddəsinin 1-ci abzasına uyğun olaraq məhsul istehsalçılarının yüksək məhsuldar və quraqlığadavamlı sortların kondisiyalı toxuma olan tələbatlarının dayanıqlı olaraq ödənilməsi məqsədi ilə Kənd Təsərrüfatı Nazirliyinin tabeçiliyində Dövlət Toxum Fondunun yaradılması haqqında 2015-ci il 2 mart tarixli Sərəncam imzalayıb. Yaradılan Dövlət Toxum Fondu məhsul istehsalçılarını keyfıyyətli toxumla təmin etmək, dövlətin beynəlxalq müqavilələrini yerinə yetirmək, habelə təbii fəlakətə məruz qalmış bölgələrə kömək göstərmək funksiyalarını həyata keçirəcək. Bu fəaliyyətlərin təmin olunması məqsədilə respublikada dövlət reyestrinə daxil edilmiş bitki sortlarının toxumları dövlət, yerli və sığorta fondlarına tədarük olunacaq. Bu da əhalinin ərzaq təhlükəsizliyinin təmin olunmasında vacib əhəmiyyətə malikdir.

Kollegiyanın sədri, nazir Heydər Əsədov toxumçuluğun bitkiçilik məhsullarının istehsalında ən vacib sahələrdən biri olduğunu, bu sahənin elmi əsaslarla inkişafının vacibliyini bildirərək toxumçuluq sahəsi üzrə assosiasiyaların yaradılmasının, toxumçuluq sisteminin elektron uçota keçirilməsinin, bu sahədə struktur islahatlarının aparılmasının, regional Aqrar Elm Mərkəzləri tərəfindən informasiya məsləhət xidmətinin yaxşılaşdırılmasının, şəffaflığı daha yüksək səviyyədə təmin etmək məqsədilə subsidiya alan toxumçuların ünvanları, torpaq sahələri, aldığı subsidiyanın miqdarı barədə məlumatların qısa zamanda nazirliyin internet səhifəsində yerləşdirilməsinin vacibliyini bildirdi.

Sonra rayon toxum müfəttişləri yerlərdə mövcud problemlərdən danışıb, müvafiq təkliflər veriblər.

Kollegiyada kənd təsərrüfatı məhsulları istehsalçılarını yüksək reproduksiyalı və kondisiyalı toxum və tinglə təmin etmək məqsədi ilə Kənd Təsərrüfatı Nazirliyi yanında Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidmətinin və onun yerli qurumlarının maddi-texniki bazasının yaxşılaşdırılmasını, bu sahənin elmi əsaslarla inkişaf etdirilməsini, toxumların təlimata uyğun sertifikatlaşdırılmasını, habelə toxumluq əkin sahələrində və toxum saxlanılan yerlərdə müvafiq bitki mühafizə tədbirlərinin həyata keçirilməsini təmin etmək məqsədilə nazirliyin müvafiq qurum və şöbələrinə tapşırıqlar verilib. Eləcə də 19 rayon Dövlət Toxum Müfəttişliyinin rəisləri ilə müvəqqəti əmək müqaviləsinin bağlanılması, 6 rayon toxum müfəttişinin təqaüdə göndərilməsi, 2 rayon toxum müfəttişinin isə vəzifələrinin öhdəsindən layiqincə gələ bilmədiyinə görə onlarla bağlanmış əmək müqavilələrinə xitam verilməsi barədə qərar qəbul edilib.