YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Rafael Hüseynov: Ermənistanın təcavüzü nəticəsində işğal edilmiş ərazilərimizin mədəni mühitinə sarsıdıcı zərbələr vurulub

«Ermənistanın təcavüzü nəticəsində işğal edilmiş Dağlıq Qarabağ regionu və ona bitişik 7 rayonun mədəni mühitinə, o cümlədən muzey və kitabxana həyatına da sarsıdıcı zərbələr vurulub». Bu fikri Milli Məclisin Mədəniyyət komitəsinin sədri Rafael Hüseynov deyib.

R.Hüseynov bildirib ki, Azərbaycanın işğal altındakı ərazilərində yüzlərlə kitabxana, onlarla son dərəcə maraqlı və zəngin muzeylər mövcud olub.  Təəssüflər olsun ki, həmin ərazilərdəki digər mədəni sərvətlər, tarixi abidələr, qədim tarixli məzarlıqlar kimi onlar da ya qəsb olunub, ya da tam məhv edilib.

«Qarabağdakı diyarşünaslıq muzeylərində arxeoloji qazıntılar zamanı tapılmış nadir eksponatlar, Azərbaycan xalçaçılarının və el sənətkarlarının misilsiz əl işləri, nadir əlyazmalar qorunurdu. Yüz minlərlə qiymətli tarix yadigarı erməni işğalı nəticəsində məhv edilib. Mənim rəhbərlik etdiyim Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin Qarabağda, Şuşada filialı var idi. İyirmi ildən çoxdur ki, həmin muzeyin əməkdaşları məcburi köçkün həyatı yaşayırlar. Onlardan bəziləri Şuşa işğal edilərkən oradakı muzeydə qorunan tək-tək eksponatları xilas edərək özləri ilə gətirmişdilər. Amma xilas edə bilmədikləri minlərlə eksponat zəbt olunmuş ərazidə qalıb. İşğal edilmiş ərazilərdəki müharibə, vandalizm, qəsb qurbanı olan muzey və kitabxanalar unudulmamalı, beynəlxalq ictimaiyyət bu məsələyə reaksiya verməlidir»- deyə, komitə sədri vurğulayıb.