YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Səlim Müslümov: Əlillik təyinatlarına ciddi nəzarət həyata keçirilir

«Azərbaycanda tibbi-sosial ekspertiza sisteminə ciddi nəzarətin həyata keçirilməsi, bu sahədə müasir və şəffaf iş mexanizminin təmin olunması Prezident cənab İlham Əliyev tərəfindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi qarşısında müəyyən olunan əsas vəzifələrdən biridir. Hələ 2013-cü ilin sonlarında əvvəlki dövrlərdə ilkin əlillik təyin olunmasına baxmayaraq, müvafiq müayinə aktından çıxarışları gecikdirilən şəxslərdən onkoloji, dializ xəstələrinə, I qrup əlilliyi olanlara, penitensiar müəssisələrdə cəza çəkənlərə əlillik arayışlarının verilməsi təmin olunub». Bu fikirləri əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov deyib.

S.Müslümov bildirib ki, bu tədbir, habelə həmin vaxtlarda yaradılmış işçi qrupları tərəfindən 17 min nəfərdən artıq vətəndaşın II və III qrup əlillik üzrə ilkin əlillik müayinələrinin ciddi şəkildə yenidən aparılmaqla, əlilliyi təsdiq edilənlərə müvafiq müayinə aktından çıxarışların verilməsi ümumən əhali tərəfindən razılıqla qarşılanıb.   Onun sözlərinə görə, əlillik təyinatlarına ciddi nəzarətin həyata keçirilməsinin müsbət nəticələri kimi, respublikada ilkin əlilliyin dinamikası azalmaqla, əlilliyi olan şəxslər arasında reabilitasiya səviyyəsi artmağa başlayıb.

«2014-cü ildə ilkin və təkrar əlillik təyin olunanların sayı 2013-cü ilə nisbətən 11,6 min nəfərdən çox, cari ilin 10 ayında isə ötən ilin müvafiq dövrünə nisbətən 6372 nəfər azalıb. İlkin olaraq sağlamlıq imkanları məhdud hesab edilən 18 yaşadək uşaqların sayında da  azalma özünü göstərir və bu azalma cari ilin 9 ayında 35 faiz təşkil edib. Bizim əsas məqsədimiz tibbi-sosial ekspertiza sisteminin elektron infrastrukturunun  qurulması ilə məmur-vətəndaş təmaslarının kifayət qədər minimallaşdırılması və əlillik təyinatı prosesinin şəffaflaşdırılmasıdır. Dövlət başçımızın “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun qiymətləndirilməsi sisteminin təkmilləşdirilməsi haqqında” 14 sentyabr 2015-ci il tarixli Fərmanı bu məqsədin reallaşdırılmasına, vətəndaşların əlilliyinin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunmasında müasir informasiya texnologiyalarının geniş tətbiqi yolu ilə şəffaflığın artırılmasına əsaslı təminat verib»- deyə, nazir vurğulayıb.