YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Bakıda Əlilliyi olan şəxslərin IX Ümumrespublika Yaradıcılıq Sərgi-müsabiqəsi keçirilir

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təşkilatçılığı ilə Bakıda Əlilliyi olan şəxslərin IX Ümumrespublika Yaradıcılıq Sərgi-müsabiqəsi öz işinə başlayıb. Sərgi-müsabiqənin açılışında hökumət və qeyri-hökumət təşkilatlarının, əlil ictimai birliklərinin və ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Məlumatı Əmək və Əhalinin  Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsi yayıb.

Tədbirdə Azərbaycan Respublikası Baş nazirinin müavini, Yeni Azərbaycan Partiyasının Sədr müavini-icra katibi Əli Əhmədov əlilliyi olan şəxslərə bütün sahələrdə diqqət və qayğı göstərilməsinin Azərbaycan dövlətinin sosial statusunun mühüm xüsusiyyətlərindən olduğunu, Prezident cənab İlham Əliyevin müvafiq fərman və sərəncamları ilə bu təbəqədən olan vətəndaşların sosial müdafiəsinin ilbəil gücləndirildiyini vurğulayıb. Ə.Əhmədov bildirib ki, dinamik inkişaf dövrünü yaşayan Azərbaycan əlilliyi olan şəxslərlə bağlı siyasətini də müasir dünyanın qabaqcıl təcrübəsi, habelə BMT-nin “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Konvensiyasında əksini tapan mütərəqqi yanaşmalar əsasında qurub. Bu gün ölkəmizdə əlilliyi olan şəxslərlə bağlı həyata keçirilən tədbirlər, eləcə də hazırkı sərgi-müsabiqə bu insanların cəmiyyətin həyatında bərabər iştirak imkanlarının, onların cəmiyyətə inteqrasiyasının daha dolğun şəkildə reallaşdırılmasına, istedadlarının aşkara çıxarılmasına və dəstəklənməsinə yönəlib.

Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov ölkəmizdə əlilliyi olan şəxslərin etibarlı sosial müdafiəsinin təmin olunmasının Azərbaycan Prezidenti cənab İlham Əliyevin uğurlu sosial inkişaf kursunun mühüm komponentlərindən olduğunu vurğulayıb: “2004-cü ildən etibarən sosial müavinətlərin orta aylıq məbləği 2,6 dəfə, o cümlədən əlilliyə görə sosial müavinətlərin orta aylıq məbləği 8,1 dəfə, sağlamlıq imkanları məhdud uşaqlara ödənilən sosial müavinətin aylıq məbləği 7,4 dəfə artırılıb. Eyni zamanda, müharibə əlillərinə 2008-ci ildən ödənilən Prezident təqaüdlərinin məbləğinin artımı ötən dövrdə bu təbəqədən olan I qrup əlillər üçün 66,6 faiz, II qrup əlillər üçün 85,7 faiz, III qrup əlillər üçün 100 faiz təşkil edib. Bu sahəyə daim artan qayğının növbəti göstəricisi olaraq, ötən il sosial müavinət və təqaüdlərin, kompensasiyaların ödənilməsinə 2013-cü illə müqayisədə 20,8 faiz, cari ilin 9 ayında isə keçən ilin 9 ayı ilə müqayisədə 4 faiz çox vəsait sərf olunub. Təkcə 2014-cü ildə dövlət büdcəsindən sosialyönümlü xərclərə 9,9 faiz, o cümlədən sosial müdafiə və sosial təminat xərclərinə 12,6 faiz çox vəsait yönəldilməsi respublikada aparılan sosialyönümlü siyasətin ilbəil gücləndiyini göstərir”.

S.Müslümov hələ ötən əsrin 90-cı illərində Ümummilli liderimiz Heydər Əliyevin diqqət və qayğısı nəticəsində əlilliyi olan şəxslərin istedad və bacarıqlarının dəstəklənməsi üçün bu kimi respublika səviyyəli tədbirlərə başlandığını vurğulayıb: “Ümummilli liderimiz Heydər Əliyevin «Biz əlillər üçün, onların yaşaması, əmək fəaliyyətinə cəlb olunması, öz daxili imkanlarından, istedadlarından istifadə etmələri üçün daha da geniş şərait yaradacağıq» fikri dövlətimizin sosial siyasətinin mühüm prioritetlərindən biri kimi müəyyən olunub və Azərbaycan Prezidenti cənab İlham Əliyevin uğurlu sosial siyasəti digər sahələrdə olduğu kimi, bu tədbirlərin də getdikcə daha geniş vüsətlə davam etdirilməsinə imkan yaradıb”.

Bildirilib ki, hazırkı Əlilliyi olan şəxslərin IX Ümumrespublika Yaradıcılıq Sərgi-müsabiqəsinin təşkilinin həmin şəxslərin öz istedadları müqabilində ictimai-mədəni həyatda iştirak imkanlarına malik olmalarına, onların cəmiyyətə inteqrasiyasının təmin edilməsinə hesablanıb: “Biz çalışırıq ki, bu tədbirlər hər dəfə daha yüksək səviyyədə keçirilsin və ölkənin bütün bölgələri əhatə olunmaqla, yaradıcılıqla məşğul olan bütün müvafiq şəxslər bu tədbirdə təmsil olunsunlar. Sərgi-müsabiqədə 221 nəfər əlilliyi olan şəxsin və sağlamlıq imkanları məhdud 18 yaşadək uşağın rəsm, xalçaçılıq, bədii tikmə, toxuma və hörmə, dulusçuluq, keramika, ağac üzərində oyma və metal üzərində işləmə, bədii tikmə və s. növlərdə 762 əl işi nümayiş etdirilir ki, bu da əvvəlki, yəni Əlilliyi olan şəxslərin VIII Ümumrespublika Yaradıcılıq Sərgi-müsabiqəsi ilə müqayisədə müvafiq olaraq 52,4 faiz və 53 faiz çoxdur. O cümlədən bu sərgi müsabiqədə əvvəlki ilə müqayisədə 3 nəfər çox, yəni 23 nəfər sağlamlıq imkanları məhdud 18 yaşadək uşağın əl işi nümayiş olunur”.

Sərgi-müsabiqənin Nazirliyin “2015-ci il üçün əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların sosial müdafiəsi və reabilitasiyası Proqramı”na əsasən təşkil edildiyi də diqqətə çatdırılib. Cari ilin 9 ayında bu Proqram çərçivəsində ayrı-ayrı  ildönümlər, Bilik günü ilə əlaqədar, sosial-məişət problemlərinin həllinə, müalicələrinə köməklik məqsədilə 4,5 min nəfərdən çox əlilliyi olan şəxsə birdəfəlik maddi yardım verilib, 1005 nəfər belə şəxsin istirahəti, 265 nəfərin  xaricdə ixtisaslaşmış bərpa müalicəsi təşkil edilib və s. işlər görülüb. Bu dövrdə Proqram üzrə tədbirlərə ötən ilin müvafiq dövrü ilə müqayisədə 33,8 % çox vəsait ayrılıb.

Tədbirdə digər çıxış edənlər əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların istedad və qabiliyyətlərinin üzə çıxarılmasında, onların yaradıcılıq imkanlarının dəstəklənməsində mühüm rol oynayan, onlara hər şeydən öncə mühüm mənəvi stimul verən  belə tədbirlərin ümumən cəmiyyət tərəfindən maraq və rəğbətlə qarşılandığını vurğulayıblar. Daha sonra tədbir iştirakçıları sərgi-müsabiqədə təqdim olunan əsərlərlə tanış olub, əlilliyi olan şəxslər və sağlamlıq imkanları məhdud uşaqların tədbirlə bağlı fikir və təəssüratlarını dinləyib, yaradıcılıq qayğılarını öyrəniblər. Əlilliyi olan şəxslər və sağlamlıq imkanları məhdud uşaqlar onların yaradıcılıq nümunələrinin cəmiyyətə təqdim olunması, yaradıcılıq imkanlarının dəstəklənməsi üçün göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər. Onlar belə tədbirlərin keçirilməsinin onların yaradıcılıq əzmini artırdığını, onları yeni-yeni əsərlər yaratmağa ruhlandırdığını vurğulayıblar.

Sərgi-müsabiqə noyabrın 26-dək davam edəcək. Əl işləri nümayiş olunan şəxslərdən 21 nəfəri sərgi-müsabiqənin açılışına dəvət edilib və həmin şəxslərdən ölkənin müxtəlif bölgələrindən gələnlərin və onları müşaiyət edənlərin mehmanxana, gediş-gəliş və s. xərcləri dövlət büdcəsi hesabına ödənilib. Tədbirdə nümayiş olunan əsərlərin obyektiv qiymətləndirilməsi üçün aidiyyəti qurumların nümayəndələrindən ibarət münsiflər heyəti də təşkil olunub. Tədbirin yekununda müvafiq nominasiyalar üzrə yer tutan müəlliflərə diplom və mükafatlar təqdim olunacaq. Sərgi-müsabiqənin digər iştirakçılarına, açılış mərasimində iştirak edən müəlliflərin hər birinə də maddi yardım və təşəkkürnamələr veriləcək.