YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Fransa Sahibkarlar Təşkilatında “ASAN xidmət”in təqdimatı olub

Noyabrın 23-də Parisdə Fransa Sahibkarlar Təşkilatının (MEDEF) qərargahında Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (“ASAN xidmət”) təqdimatı keçirilib.

Tədbirdə MEDEF-in rəhbər işçiləri, Azərbaycanın Fransadakı səfirliyinin təmsilçiləri, Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) Paris nümayəndəliyinin üzvləri iştirak ediblər.

Fransa–Azərbaycan Biznes Şurasının sədri Mari-Anj Döbon “ASAN xidmət” modelini yüksək qiymətləndirərək onun Fransanın əyalətlərində səmərəli olacağını vurğulayıb və qabaqcıl təcrübəsini bölüşdüyünə görə Azərbaycan tərəfinə təşəkkür edib.

Səfir Elçin Əmirbəyov Parisdə baş verən son terror aktlarına baxmayaraq bir çox fransız şirkətlərinin tədbirdə iştirak etdiyini yüksək qiymətləndirib və bu tədbirin məlumat mübadiləsi üçün çox yaxşı fürsət olduğunu qeyd edib.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin beynəlxalq əlaqələr şöbəsinin müdiri Azad Cəfərli Azərbaycan hökumətinin genişmiqyaslı islahatlar həyata keçirdiyini və ictimai xidmət sahəsində belə bir unikal modeli yaratdığını diqqətə çatdırıb. O, “ASAN xidmət” modelinin əlçatanlıq, hesabatlılıq, səmərəlilik, şəffaflıq və innovasiya kimi 5 əsas sütununa toxunub.

Qeyd olunub ki, səyyar “ASAN xidmət”in xüsusi avadanlıqlarla təchiz olunmuş avtobusları “ASAN xidmət” mərkəzlərinin təsis edilmədiyi regionlarda vətəndaşlara xidmət göstərir. Təşkilatın fəaliyyətə başladığı iki il yarım ərzində 6 milyondan çox insana xidmət göstərilib.

Qeyd edilib ki, hər bir mərkəz gün ərzində 2500-3000 insana xidmət göstərir və “exit poll”ların nəticələrinə görə müştərilərin 98 faizi göstərilən xidmətdən məmnundur.

Bildirilib ki, İqtisadi İnkişaf və Əməkdaşlıq Təşkilatının (OECD) Parisdə keçirilmiş iclasında "ASAN xidmət" mərkəzlərinin fəaliyyəti ən uğurlu qabaqlayıcı tədbir kimi qiymətləndirilib.

“ASAN xidmət” “Dövlət xidmətlərinin göstərilməsinin təkmilləşdirilməsi” kateqoriyasında Birləşmiş Millətlər Təşkilatının ən yüksək mükafatına layiq görülüb.

Tədbir aktiv sual–cavab sessiyası ilə davam etdirilib.