YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Yaponiya televiziyasında Azərbaycanın uğurlarından bəhs edən növbəti veriliş yayımlanıb

Yaponiyanın “Channel Grand Strategy” televiziya kanalında Azərbaycan haqqında növbəti veriliş yayımlanıb.

Aparıcının suallarını cavablandıran “Cross Border Club” şirkətinin meneceri, “World Investers TV” internet televiziyasının baş prodüseri Kazuyasu İşida yaxın dostunun tövsiyəsi ilə Azərbaycanla maraqlandığını və bu ölkənin həqiqətən də parlaq gələcəyə malik olduğunu öyrəndiyini bildirib. Son üç ildə Azərbaycana etdiyi 12 səfər zamanı ölkəmizin inanılmaz sürətlə inkişaf etdiyinin, burada investisiyalar üçün əla mühit yaradıldığının şahidi olub.

Yaponiyaya Azərbaycanda böyük marağın və sevginin də şahidi olduğunu qeyd edən K.İşida burada əhalinin əksəriyyətinin türkköklü olduğunu, islam dini ilə yanaşı, digər dinlərin nümayəndələrinin də sərbəst fəaliyyət göstərdiyini xüsusi qeyd edib. Bildirib ki, burada yapon dilinə, mədəniyyətinə, yüksək texnologiyalarına olan maraq nəticəsində bu dili öyrənmək istəyən gənclərin sayı durmadan artır. Son səfəri zamanı Azərbaycan Dillər Universitetində fəaliyyət göstərən “Yapon mərkəzi”nin təşkil etdiyi “Azərbaycan-Yaponiya iş adamları arasında informasiya mübadiləsi” tədbirinə də yerli iş adamlarının böyük maraq göstərdiyinin şahidi olub.

Azərbaycan tarixi barədə məlumat verən K.İşida bildirib ki, əlverişli mövqeyinə görə bu ərazilər əsrlər boyu müxtəlif imperiyalar tərəfindən işğal olunub. Bunun nəticəsində yerli xalq olan azərbaycanlılar burada bir çox millətlərin nümayəndələri ilə birgə yaşayıb. Bu, azərbaycanlılarda qarşı tərəfi anlamaq, onun mədəniyyətini dərk etmək kimi xüsusiyyətlərin formalaşmasına müsbət təsir göstərib. Burada hamının fikrini diqqətlə dinləyir və hörmətlə yanaşırlar. Bu mənada azərbaycanlıların xarakterləri yaponlarla çox oxşardır. Vaxt və sözlərini tuturlar, işgüzar insanlardır.

K.İşida vurğulayıb ki, Azərbaycanda xüsusən şəhərsalma strategiyası uğurla aparılır. Hindistanda dərc edilən iqtisadi jurnaldan sitat gətirən ekspert bildirib ki, “Xəzər adaları” layihəsi həqiqətən də bəşəriyyət tarixində ən böyük layihələrdən biridir. Bu layihəyə külli miqdarda sərmayə yatırılıb. Bundan əlavə, həm paytaxt Bakıda, həm də regionlarda artan müasir tikililər diqqəti cəlb edir.

Azərbaycanın sürətli inkişafında karbohidrogen ehtiyatlarının mühüm roluna diqqəti çəkən ekspert tamaşaçılara beynəlxalq əhəmiyyətli boru kəmərləri haqqında ətraflı məlumat verib. Avropa və Amerika ölkələrinin Azərbaycana böyük maraqlarının olduğunu qeyd edib.

Azərbaycanın geosiyasi mövqeyini çox əlverişli adlandıran K.İşida ölkəmizin Avropanı Asiya ilə birləşdirən üç dövlətdən biri olduğunu bildirib - Rusiya, İran və Azərbaycan. Vurğulayıb ki, Asiya ilə Avropanı birləşdirəcək istənilən layihədə geosiyasi baxımından ən əlverişli dövlət məhz Azərbaycandır. Buna görə də Qərb dövlətləri tərəfindən Azərbaycana böyük sərmayələr yatırılır.

Azərbaycanın mühüm beynəlxalq tədbirlərin mərkəzinə çevrildiyinə diqqət çəkən ekspert 2015-ci ildə burada keçirilən ilk Avropa Oyunları haqqında ətraflı məlumat verib. Bildirib ki, belə tədbirlər nəticəsində Azərbaycana gələn turistlərin sayı artmaqdadır. Bu işdə Prezident İlham Əliyevin turizmə və idmanın inkişafına olan xüsusi diqqətinin mühüm rol oynadığını vurğulayıb.

Sürətli inkişaf nəticəsində Azərbaycanda yoxsulluq səviyyəsinin də aşağı düşdüyünü bildirən ekspert son 10 il ərzində bu rəqəmin 48 faizdən 4 faizə endiyini qeyd edib.

Yaponiya ilə Azərbaycan arasında əlaqələrin daha intensivləşdiyi, birbaşa hava xətti ilə yükdaşımaların başlanmasına hazırlıq işlərinin aparıldığı da yapon tamaşaçıların diqqətinə çatdırılıb. Bildirilib ki, yaxın zamanlarda Azərbaycanın “İpək yolu” şirkətinin nəzarət edəcəyi Yaponiya ilə Azərbaycan arasında birbaşa hava xəttinin açılması gözlənilir və bu, iki dost ölkənin həm biznes, həm ümumi əlaqələrinin inkişafına mühüm təsir göstərəcək.