YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

MÜSAHİBƏLƏR

Prezident İlham Əliyev Azərbaycanın maraqlarını ən yüksək səviyyədə qoruduğunu bir daha nümayiş etdirdi

Müsahibimiz Azərbaycanın Avropa Şurası Parlament Assambleyasının alt komitəsinin sədri, Milli Məclisin deputatı Sahibə Qafarova

- Sahibə xanım, iyunun 24-də Azərbaycan Prezidenti İlham Əliyev AŞ PA-nın sessiyasında çıxış edib. Əvvəla, bu iclasda iştirak edən, ölkəmizin qurumdakı nümayəndə heyətinin üzvü kimi, deyə bilərsinizmi, dövlətimizin başçısının bu çıxışı avropalı parlamentarilər tərəfindən necə qarşılandı?

- Qeyd etməliyəm ki, Azərbaycan Prezidenti İlham Əliyevin Avropa Şurası Parlament Assambleyasının sessiyasındakı çıxışı çocx böyük maraqla qarşılanıb. Dövlətimizin başçısının Azərbaycanın ötən illərdə əldə etdiyi böyük iqtisadi nailiyyətlər, demokratiyanın inkişafı istiqamətində atılan addımlar, insan hüquqları və azadlıqlarının müdafiəsi işində qazanılmış uğurlar, Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təmin olunmasına verdiyi töhfələr, regionda oynadığı vacib rol, Dağlıq Qarabağ münaqişəsinin tarixi və münaqişənin həllində mövcud vəziyyət, Azərbaycanın gələcək inkişaf planları ilə bağlı çox dərin məzmunlu və əhatəli təhlilləri avropalı parlamentarilərdə yüksək təəssürat yaratdı. Mən 2010-cu ildən assambleyadakı Azərbaycan nümayəndə heyətinin üzvüyəm. Bu dörd il ərzində bir çox dövlət başçıları burada çıxışlar ediblər. Amma tam səmimiyyətlə deyirəm ki, heç bir dövlət başçısına bu qədər böyük maraq göstərilməyib, heç birinin çıxışı belə dərin təəssürat oyatmayıb. Cənab Prezidentin bütün məsələlərlə bağlı yüksək peşəkarlığa, əsaslı təhlilə, zəngin dünyagörüşünə əsaslanan fikirləri, Azərbaycanın mili maraqlarını qətiyyətlə müdafiə etməsi, ölkəmizə qarşı bəlli dairələrin gözlənilən hücumlarını eyni ritorika ilə dəf etməsi hər birimizdə haqlı qürur yaratdı. Mən fəxr edirəm ki, bizim belə bir Prezidentimiz var.

- Sirr deyil ki, bu gün Azərbaycanın müstəqil siyasi kursundan, yüksək inkişafından narahat olan bəzi qüvvələr var ki, onların fəaliyyətinin əsasını Azərbaycana qarşı qərəz təşkil edir. Biz bunu sözügedən iclasda bəzi parlamentarilərin davranışında da gördük…

- Bəli, doğrudur ki, bu gün bəziləri Azərbaycanın qazandığı nailiyyətlərdən narahatçılıq keçirir. 23 ildir öz müstəqilliyini əldə etmiş amma buna baxmayaraq, bir çox inkişaf etmiş ölkələrin səviyyəsinə yüksəlmiş, müəyyən güc mərkəzlərinin diktəsinə boyun əyməyən, müstəqil siyasət həyata keçirən, öz mili və dövlət maraqlarını yüksək səviyyədə qoruyan Azərbaycana qarşı qısqanc münasibətin olmasını inkar etmək olmaz. Biz bunu dəfələrlə müşahidə etmişik. Hər dəfə Azərbaycan uğurlu addımlar atanda, buna qarşı həmin qüvvələr adekvat tədbirlər görməyə çalışırlar. Azərbaycanı sevməyən, erməni diasporunun nəzarətində olan dairələr öncədən ölkəmizin atdığı və yaxud atacağı addımlara qarşı müxtəlif tədbirlər görməyə cəhd göstərirlər. Elə Avropa Şurası Parlament Assambleyasında da bir sıra hallarda Azərbaycana qarşı müəyyən qərəzli, ədalətsiz mövqenin şahidi olmuşuq. Çox uzağa getməyək, ötən il Azərbaycanda "siyasi məhbus"larla bağlı məsələnin müzakirəsini buna misal göstərə bilərik. Amma tam qətiyyətlə söyləyə bilərik ki, ölkəsmizə qarşı belə mövqe həmişə iflasa uğrayıb. Bu dəfə də onların cəhdi uğursuzluqla nəticələndi. İstər Azərbaycana qarşı qərəzi ilə bilinən parlamentarilərin ölkəmizin imicinə ləkə vurmaq məqsədilə söylədiyi fikirlər, istər antiazərbaycançı mərkəzlərin təlimatı ilə oturub – duran "beşinci kolon" təmsilçilərinin təxribatları Azərbaycan Prezidenti İlham Əliyevin AŞPA-dakı parlaq çıxışı qarşısında olduqca sönük görünürdü. Azərbaycan Prezidenti İlham Əliyev bu cür təxribatlara lazımi səviyyədə və onların anlayacağı tərzdə cavab verdi. Xatırlatmaq istəyirəm ki, elə ilk sualdan həmin qüvvələrin məqsədləri özünü göstərdi. Onlar qərəzli məlumatlarla, saxta, uydurma faktlarla Avropa ictimaiyyətini çaşdırmağa, Azərbaycanın beynəlxalq nüfuzuna xələl gətirməyə çalışırdılar. Amma dövlətimizin başçısı təqdim etdiyi faktlarla onların niyyətlərini puç etdi, həmin qüvvələrin yalanlarını ifşa etdi. O, Azərbaycanın maraqlarını istənilən tribundan ən yüksək səviyyədə qoruduğunu bir daha nümayiş etdirdi. Bir məqamı da xüsusi olaraq qeyd etmək istəyirəm. Həmin zalda Ermənistan nümayəndə heyətinin üzvləri də var idi. Prezidentimiz İlham Əliyevin çıxışından sonra onların necə məyus bir halda zalı tərk etdiklərini görməmək mümkün deyildi.
Eyni zamanda, bizim üçün böyük qürur məbəyi olan başqa bir məqam isə müzakirələrdən sonra bir çox avropalı parlamentarinin bizə yaxınlaşaraq təbrik etməsi oldu. Onlar deyirdilər ki, siz öz Prezidentinizlə fəxr edə bilərsiniz. Çünki O, həqiqətən xalqının gələcəyini düşünən, ölkəsini inkişaf etdirən, həmçinin, çox geniş dünyagörüşünə və siyasi səriştəyə malik liderdir.

- Yeri gəlmişkən, Prezident İlham Əliyevin Ermənistan- Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı söylədiyi fikirlər də Azərbaycan ictimaiyyətində böyük maraqla qarşılanıb…

- Dövlətimizin başçısının Dağlıq Qarabağ münaqişəsi ilə bağlı fikirlərindən sonra əminəm ki, nəinki, Ermənistanda, o cümlədən, onları dəstəkləyən, erməni diasporunun təsir altında fəaliyyət göstərən dairlərdə də dərin ruh düşkünlüyü yaşanıb. Prezident İlham Əliyev digər məsələrdə də olduğu kimi, bu problemin həllində də erməni təbliğatını darmadağın etdi. Münaqişənin tarixi, Dağlıq Qarabağ probleminin yaranması səbəbləri, Ermənistanın bir dövlət olaraq yaradılması və bu kimi digər məsələlərdə səsləndirdiyi təkzibolunmaz faktlar qarşısında ermənilərin deməyə sözü qalmadı. Prezident bir daha bəyan etdi ki, Dağlıq Qarabağ Azərbaycanın tarixi hissəsidir. Qarabağ sözünün özü Azərbaycan mənşəlidir. Bu sahədə bütün coğrafi toponimlər xalqımıza məxsusdur. Eyni zamanda, beynəlxalq hüquq normaları baxımından Dağlıq Qarabağ Azərbaycanın tərkib hissəsidir. Yəni, bu o deməkdir ki, bu gün Dağlıq Qarabağı ermənilərə bağlıyan heç bir əsas mövcud deyil. Prezident indiki Ermənistanın da tarixi Azərbaycan torpaqlarında yaradıldığını bəyan etdi və bildirdi ki, Azərbaycan öz ərazisində ikinci erməni dövlətinin yaranmasına imkan verməyəcək. Ona görə də, hər kəs, o cümlədən ermənilər anlamalıdır ki, bu proses daim davam edə bilməz. Gec, ya tez nə isə baş verə bilər. Buna görə, Ermənistan rəhbərliyi digər ölkənin ərazisinin XXI əsrdə zəbt edilməsinin qəbuledilməz olduğunu nə qədər tez anlasa, bir o qədər onlar üçün yaxşı olar. Əlbəttə ki, Ermənistanda əgər sağlam, işğalçılıq, terror düşüncəsindən uzaq  qüvvələr varsa, onlar Azərbaycanın Ali Baş Komandanının nə deməyə çalışdığını dərk edirlər.

- Azərbaycan Avropa Şurası Nazirlər Komitəsinə sədrlik edir. Sizcə, ölkəmizin quruma sədrliyi tərəflərə nə vəd edir?

- Azərbaycan cəmi 13 ildir AŞ-nin üzvüdür. Lakin ötən 13 ildə bu mötəbər qurumda fəaliyyəti ilə yüksək nüfuz və rəğbət qazanıb. Bu qurumla əməkdaşlıq ölkəmizdə demokratik islahatların daha da dərinləşməsi, demokratik təsisatların inkişaf etdirilməsi, Avropa dəyərlərinin möhkəmlənməsi, insan hüquqlarının daha effektiv şəkildə qorunması prosesinə yardım edib. Azərbaycan Respublikası bu gün Avropa Şurası ilə ən müxtəlif sahələrdə qarşılıqlı-faydalı münasibətlər quraraq səmərəli əməkdaşlıq həyata keçirir. Təşkilata üzv dövlətlərlə əlaqələrin genişləndirilməsi ölkələrimizin bir-birinə daha da yaxınlaşmasına və qarşıya çıxa biləcək problemlərin aradan qaldırılmasına əlverişli zəmin yaradır. Avropa Şurası Azərbaycanın problemlərinin həllinə həssas yanaşır, ölkəmizin əsas problemi olan Dağlıq Qarabağ münaqişəsini mütəmadi olaraq gündəmdə saxlayır. Azərbaycan bu quruma üzv olan digər ölkələrlə də əməkdaşlığın daha genişspektrlərini əhatə etməsi, genişlənməsi üçün əməli addımlar atır. Eyni zamanda, Azərbaycan da öz tarixi, mədəni dəyərləri ilə, Avropa ailəsinin zənginləşməsinə öz töhfəsini verməkdədir. Sədrliyi dövründə Azərbaycanın bu təşkilatın inkişafına daha da geniş töfhələr verəcəyi şübhə doğurmur. Azərbaycanın bu müddətdə prioritetləri nədən ibarət olacaq, bununla bağlı həm Azərbaycan Prezidenti cənab İlham Əliyev, həm də xarici işlər naziri Elmar Məmmədyarov çox geniş izahatlar veriblər. Növbəti altı ay müddətində Azərbaycan insan hüquqları, qanunun aliliyi və demokratiyaya güclü dəstək verəcəyini və bu istiqamətdə səylərini əsirgəməyəcəyini bəyan edib. Bu müddət ərzində Avropa Şurasının əsas dəyərlərinin dəstəklənməsi və təşviqi Azərbaycanın fəaliyyətinin mərkəzində duracaq. Ona görə də, düşünürəm ki, ölkəmizin Avropa Şurası Nazirlər Komitəsinə sədrliyi hər iki tərəfin faydalana biləcəyi əlverişli bir platforma yaradacaq.